!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artistindən inanılmaz ETİRAF: “Köynəyimə qurd yağı sürtüb, şkafıma atmışdı”

!Reklam – Yazi

6 noyabr onun doğum günüdür. Azərbaycan teatr və kino tarixində danılmaz xidmətləri olan bənzərsiz aktrisa, illərin sənətkarı, xalq artisti Zərnigar Ağakişiyevanı deyirəm. Son illər qapılarını hər kəsin üzünə bağlayan, səhnəni tənhalığı ilə əvəzləyən sənətkarımız. Hərçənd bu qədər tamaşaçı sevgisi qazanan aktrisaya tənha demək də düzgün deyil. Doğum günündə sözümüzü yerə salmadı, hər kəsə bağlı olan qapılarını üzümüzə açdı. Heç vaxt dilə gətirmədiyi faktları da bizimlə bölüşdü. Amma bir şərti oldu: fotolar çəkilməyəcək.

Aktrisanın Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Məşhur, eyni zamanda gözəl aktrisaların hər zaman paxıllığını çəkiblər. Yəqin ki, bu, sizdən də yan keçməyib…

– Mən buna paxıllıq deməzdim. Sadəcə olaraq, insanlar müxtəlif bürclər altında doğulur və bu bürc altında dünyaya gələn adamların bir-biri ilə uyuşması, bir-birlərini qəbul edib-etməməsi məsələsi var. Kimsə bürcünə əks olan insanı qəbul etmirsə, bunun adını paxıllıq qoyuruq.

– Siz belə şeylərə inanırsınız?

– Əlbəttə, mənim bürcümlə uyğun gələn və uyğun gəlməyən bürclər var ki, bu, həmin insanlarla münasibətimə təsir edir.

– Bunu necə müəyyənləşdirirsiniz? Söhbət zamanı qarşınızdakının hansı bürcdən olduğunu soruşursuz?

– Adətən, soruşmuram; münasibətindən, davranışından və maraqlarından başa düşürəm ki, hansı bürcə məxsusdur. Əslində, bürclərlə bağlı məlumata malik olmaq insana kömək edir. Məsələn, gənclik illərində həyat yoldaşı seçərkən yanılmırsan, gələcəkdə qarşılaşacağın konfliktlərdən, əzab-əziyyətlərdən əvvəlcədən sığortalanırsan. Belə bir deyim var ki, filankəs sənin adamın deyil. Sən də başa düşürsən ki, bu bürc altında dünyaya gələn insan sənin adamın deyil. Yəni onunla münasibət qursan, hər zaman konfliktlər içində yaşamalı olacaqsan.

– Yəni deyirsiniz bürclər uyğun deyilsə, hətta ortada böyük sevgi varsa da belə, iki sevgili bəri başdan ayrılmalıdır?

– Onsuz da onlar bunu istəməsələr də, gec-tez xarakterlərindəki uyğunsuzluq onları ayıracaq. Yox, əgər ayrılmasalar da iki nəfərdən biri özünü fəda edəcək. Özünü qurban verən də çox vaxt qadın olur. Çünki o, zəif məxluqdur, eyni zamanda ailəsinə görə çox şeydən keçməli olur. Demək olar ki, həmin qadın özünü məhv edir.

– Hansı xüsusiyyətiniz ömrü boyu sizə mane olub?

– Özümdən narazılığım yoxdur. Həyatda nə arzulamışamsa, hamısına çatmışam. Hər zaman sənətimi sevmişəm və o, mənə uğur gətirib.

– Mistikaya inanırsız?

– Əlbəttə, mistika var, olmasaydı, bu söz lüğətdə yer almazdı.

– Həyatınızda mistik qüvvələrin varlığını hiss etdiyiniz məqam olubmu?

– İnsanın qəlbində elə gizlin arzu və istəklər olur ki, düşünürsən ki, həyatın boyu bunlar reallaşa bilməz. Heç ümid belə eləmirsən. Amma gözləmədiyin halda, bu istəklər reallaşır. Olması mümkünsüz bir iş baş verir, buna möcüzə də demək olar. Bəs bu mistika deyil, nədir?

– Yuxulara necə, inanırsız? Çin çıxan yuxularınız olubmu?

– Yox, yuxulara o qədər də əhəmiyyət vermirəm. Yuxular mənim üçün həmişə sirli qalıb.

– Mistikadan danışırıqsa, demək ki, həyatda fala, caduya da inanırsız?

– Əslində, cadu-piti psixologiyası zəif olan insanlara təsir edir. Bu, sırf psixoloji duruma bağlı olan bir məsələdir. Cadunun qüvvəsi ona inanmaqdan başlayır. Əgər inanırsansa, sənə təsir edəcək, inanmırsansa, yox. Cadu edən adamın məqsədi kiməsə psixoloji təsir edib, qanını qaraldıb, dərdə salmaqdan ibarətdir. Elə adamlar var ki, kiməsə psixoloji təisr edib, həmin adamın həyatını qaraltmaqdan ötrü mollalara gedir, pullar xərcləyir. O mollanın da yazdığı cadunu gətirib, həmin adamın evinə atır və sonra da utanmaz-utanmaz süfrəsinin başında oturub, onunla çay içir.

– Yəni demək istəyirsiniz ki, bunu yaxın bildiyiniz adamlar edir?

– Əlbəttə. Özünü sənə dost kimi göstərir. Hansı ki, səninlə gizlin düşmənçilik edir. Gərək elə adamları evinə buraxmayasan.

– Nə vaxtsa, başınıza belə xoşagəlməz hadisə gəlib?

– Əlbəttə. Bundan əvvəl yaşadığım evdə o qədər belə şeylərlə rastlaşmışam ki… Həmin adama yazığım gəlib ki, niyə axı bu qədər pullar xərcləyib?! Onsuz da mənə belə şeylər təsir etmir, çünki mən cadu-pitiyə inanmamışam. İnanmadığım üçün də mənə təsir etməyib. Əslində, həmin adamın psixoloji durumu yerində deyil. Savadı, dünyagörüşü, düşüncəsi olan insan belə mənasız işlərlə məşğul olmaz.

– O insanlar yəqin ki, evinizə gəlib-gedən adamlar olub?

– Əlbəttə, məni tanıyan, üzəmə gülən və çörək kəsdiyim adamlar…

– Sənət adamları?

– Hər halda, bilirsən də evinə kimlər gəlib-gedir. Yanıb-yaxılır ki, cadu buna niyə təsir etmir?! Buna görə də təkrar-təkrar pul xərcləyir və cadu-pitini gətirib evimə atır. Sürməyi rəngdə koftam vardı, qurd yağı sürtüb, şkafıma atmışdılar. Həmin koftanı çıxarıb, eyvanda yandırmışam.

– Bəs reaksiyanız necə olur, bunu üzünə vurursuz?

– Qətiyyən, heç söz də salmıram: ya gərək dava edəsən, ya da əhəmiyyət verməyəsən. Özümü elə aparıram ki, heç bundan xəbərim də yoxdur.

– Həmin adamlar evinizə gəlməkdə davam edirmi?

– Köhnə evimdə olanda gəlib-gedirdilər, indi yox.

Cəvahir

www.yenicag.az

4899
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv