Xalq artistindən SƏRT İRAD: “O mahnıları eşidəndə utanıram”

“Efirlərdə, radiolarda elə mahnılar səsləndirirlər ki, dinləyəndə utanıram”.

Bunu Xalq artisti, tarzən Möhlət Müslümov Yenicag.az-a açıqlamasında deyib.

O, efirləri zəbt edən bayağı musiqilərin baş alıb getdiyini və xalqın zövqünü korladığını bildirib:

“Yaxud da efirlərdə elə səslər, mahnılar eşidirəm, elə bilirəm başqa ölkədəyəm, başqa millətin nümayəndəsiyəm. Bu mahnıları səsləndirməklə millətin zövqünü korlayırlar. Nə sözlərin mənası var, nə musiqidən əsər-əlamət qalıb. Hamısı bayağı söz yığınından ibarətdir. Bilmirsən oxuduqları mahnıdır, ya meyxana… Hamısı ala-yarımçıq…

Buna dövlət səviyyəsində əncam çəkilməlidir. Bizim gücümüz çatan məsələ deyil. Çünki özümüz danışıb, özümüz də eşidirik. Heç bir faydası yoxdur. Mən özüm heç o musiqiləri dinləmirəm də. Eşidəndə kanalı çevirirəm. Maşında gedəndə radionu dinləyirəm, elə mahnıları eşidəndə utanıram. Keyfiyyətli musiqilər çox azdır. Bayağı mahnılar telekanalları başına alıb. Allah bu xalqa kömək olsun”.

Cəvahir