Xalq artistini seriallardan yayındıran SƏBƏB: “Nə normal ssenari, nə də düz-əməlli qonorar…”

“Yaşlı aktyorlarla oturub keçmiş günlərdən danışıb təsəlli tapırıq”.

Bu sözləri Xalq artisti Valeh Kərimov Yenicag.az-a açıqlamasında deyib.

Aktyor yerli seriallarda və ümumiyyətlə, efirdə görünməməsinin səbəblərindən danışıb:

“Yayda bir seriala çəkdilər, hələ heç özüm də görməmişəm. Dəvət edənlərə də deyirəm, mənim serialla aram yoxdur. Nə baxmıram, nə də çəkilmirəm. Niyə çəkilim, yalandan artistlik etmək kimə lazımdır? Heç qonorar da qənaətbəxş deyil.

Amma məni qonorardan da öncə maraqlandıran ürəyimcə olan yaxşı bir rol oynamaqdır. Əlbəttə, yaxşı qonorar da olsa, nə gözəl. Lakin ortada nə düz-əməlli qonorar, nə də normal ssenari yoxdursa, qalırsan belə. Düşünürsən ki, niyə çəkilim?

İllərdir, qazandığım hörməti də bir günün içində itirmək istəmirəm. Camaat da adamın üzünə vurur, deyir, o nə rol idi, oynadın. Elə bu bir kəlmə söz bəs edir adama.

Qaldı ki, efirlərə, şoular, qalmaqal mənlik deyil. Mən şou adamı deyiləm axı, çıxım efirlərdə qalmaqal edim. Ayıb deyil, 80 yaşım var e… Teatrda çalışıram, tamaşalar hazırlayıram”.

“Bu günə qədər arzuladığınız, amma oynamadığınız obraz varmı” sualına Xalq artistinin cavabı belə oldu:

“Daha heç nə gözləmirəm. Rol verərlər oynayaram, verməzlər oynamaram. Yaşlı aktyorlarla oturub keçmiş günlərdən danışıb təsəlli tapırıq. Camaat gəlirdi, tamaşalara baxırdı, biz də gözəl-gözəl rollar oynayırdıq”.

Cəvahir

COP29