Xalq artistinin ƏN BÖYÜK ARZUSU: “İllərdir bu xəbəri gözləyirdim”

Xalq artisti Gülyanaq Məmmədova uzun illər ürəyində yaşatdığı arzusuna çatıb.

Yenicag.az-a açıqlama verən sənətçi “Burulğan” serialında aktrisa kimi izləyicilərin görüşünə gələcək.

“Əslində, mənim ən böyük arzum filmə çəkilməkdir. “Ana və paçtalyon” filmində çəkilmişəm artıq. İkinci işim serialda olacaq, Leyla obrazına can verəcəm. Təklif serialın bədii rəhbəri Xalq artisti Nurəddin Mehdixanlıdan gəldi, bunu yüksək dəyərləndirdim. Serialın layihə rəhbəri Hacı ağa, rejissoru Vüqar Əliyevdir.

Artıq çəkilişlərimiz başlayıb. Peşəkar aktyorlarla bərabər çəkilirik. Əslində, mən ifa etdiyim musiqilərdə də həmişə obraz yaradıram, buna görə də mənim üçün çətin olmayacaq. Özüm də Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsini bitirmişəm. Opera səhnəsində Leyli və digər əsas rollarda çıxış edirəm. Hər halda, son sözü tamaşaçı deyəcək”.

“Həyat yoldaşınız bu xəbəri necə qarşılayıb?” sualını sənətçi belə cavablandırıb:

“Həyat yoldaşım başımın tacıdır. Hər zaman mənə sənətdə də dəstək olub. Bu xəbəri də xoş qarşıladı. Məşqlərdə də mənimlə bərabər olur. Onun mənə qadağaları olmayıb, çünki bilir ki, hansı xarakterdə olan insanam”.

Cəvahir