Xalq artistinin qətiləşən İNAMI: “Vətən savaşında dəmir yumruq kimi birləşib qalib gəldiyimiz kimi…”
“Qarabağımızın hər guşəsində müqəddəs bayrağımızı dalğalandıran müzəffər Ali Baş Komandana bütün xalqımız yekdilliklə səs verdi”.
Bu sözləri ölkədə keçirilən növbədənkənar prezident seçkilərində İlham Əliyevin inamlı qələbəsi ilə bağlı fikirlərini bölüşən Xalq artisti Mənsum İbrahimov Yenicag.az-a açıqlamasında deyib.
Xalq artisti 7 fevral seçkilərini tarixi əhəmiyyət daşıyan zəfər seçkiləri kimi dəyərləndirib:
“Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərini tarixi seçki kimi dəyərləndirirəm. Bu, eyni zamanda, zəfər seçkisi və xalqımızın cənab Ali Baş Komandana bir minnətdarlıq hissi idi. Çünki Qarabağımızın hər guşəsində müqəddəs bayrağımızı dalğalandıran müzəffər Ali Baş Komandana bütün xalqımız yekdilliklə səs verdi.
Mən özüm ailə üzvlərimlə birgə səs vermək üçün bir saata yaxın növbədə gözləməli oldum. Xalq sanki toy-bayrama gedirmiş kimi seçkilərə qatılırdı. Bu həm də Azərbaycanın, millətimizin birliyinin göstəricisi idi. Bu, xalqımızın dünyaya bir mesajı idi ki, biz 10 milyonluq xalq olaraq, Ali Baş Komandanımızın arxasındayıq.
Necə ki 44 günlük Vətən savaşında dəmir yumruq kimi birləşib qalib gəldiyimiz kimi, seçkilərdə də prezidentimizə öz dəstəyimizi, etimadımızı göstərdik. Azərbaycanın gələcəyi işıqlıdır, qüdrətlidir, zəfər çalmış bir millət kimi yaşayacağıq. Xalqımız və dövlətimiz üçün xeyirli-uğurlu olsun”.
Cəvahir