Xalq artistinin ikinci ayağı amputasiya olunub (Yenilənib)

muxtar_maniyev6

Azərbaycanın xalq artisti Muxtar Maniyevin üzərində yenidən cərahiyyə əməliyyatı aparılıb.

Bu barədə APA-ya Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, M. Maniyevin sağ ayağı diz nahiyyəsindən amputasiya olunub.
Həkimlər onun vəziyyətini stabil qiymətləndirirlər.
Qeyd edək ki, M. Maniyev şəkərli diabetdən əziyyət çəkir. 2015-ci il avqustun 11-də xalq artistinin sol ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.

***

Xalq artisti Muxtar Maniyevin səhhəti ağır olaraq qalır.

Bu barədə M. Maniyevin həyat yoldaşı Nəsibə Maniyeva məlumat verib. O bildirib ki, xalq artistinin müalicəsi Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir: “Hələ ki palataya köçürülməkdən söhbət getmir. Huşu aydın deyil, danışmır. Komaya düşmüşdü, həkimlər vəziyyətdən çıxardılar. Qan dövranında olan problem hələ də qaydasında düşməyib”.

N. Maniyeva əlavə edib ki, aktyorun durumu Mədəniyyət və Turizm Nazirliyinin və Səhiyyə Nazirliyinin diqqətindədir: “Nə lazımdırsa, edirlər, bütün müalicələri dövlət hesabına aparılır. Həkimlər də nə mümkündürsə, edirlər ki, vəziyyəti yaxşılaşsın”.

Qeyd edək ki, M. Maniyev ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkir. 2015-ci il avqustun 11-də xalq artistinin sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya olunub.