Teatrşünas alim, professor İlham Rəhimli teatrlarda yaşı 65-i keçən aktyor və aktrisaların ya işdən çıxarıldığını, ya da işəmuzd işlədiyini bildirib.
O, Xalq artistləri Valeh Kərimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik və Səidə Quliyevanın çalışdıqları teatrlardan işdən çıxarıldıqlarını iddia edib.
Bunun ardından Mədəniyyət Nazirliyi açıqlama verib. Qurumdan “Report”a bildirilib ki, mövcud qanunvericilikdə 65 yaşına çatmış şəxslərin təqaüdə çıxması nəzərdə tutulur: “Elmi və fəxri adları olan şəxslərlə müqavilələr 75 yaşına qədər uzadıla bilər. Bu, həmin şəxsin çalışdığı müəssisənin səlahiyyətində olan məsələdir. Mədəniyyət Nazirliyi olaraq belə məsələlərə olduqca həssas yanaşırıq. Lakin qanunvericilikdə göstərilir ki, bir müəssisədə yaşı 65-i ötən əməkdaşların sayı orada çalışan əməkdaşların sayının 2 faizini təşkil etməlidir”.
Nazirlikdən vurğulanıb ki, əksər teatrlarda bu gün də qocaman sənətkarlar çalışır: “İstənilən teatrın səhnəsində belə qocaman sənətkarlarımızın ifasında müxtəlif tamaşalara baxmaq mümkündür. Ancaq bir gerçəkliyi də unutmaq olmaz ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini hər il onlarla tələbə aktyor, rejissor, teatrşünas bitirir. Ölkədə isə cəmi 25 dövlət teatrı fəaliyyət göstərir. Bu məzunların teatrlarda işlə təmin olunması ciddi problemə çevrilir. Məlum olduğu kimi, teatr elə bir sənət növüdür ki, daim yeni nəfəsə, yeni istedadlara ehtiyac duyur. Teatrların ştatları isə məhdud saydadır və stabildir”.
Mədəniyyət Nazirliyindən vurğulanıb ki, teatrlarda kadr dəyişikliyi labüddür: “Ona görə də, imkan daxilində biz həm gənclərin işlə təmin olunmasına, gənclərə meydan verilməsinə, həm də qocaman sənətkarlarımızın uzunillik təcrübəsindən faydalanmağa çalışırıq”.
Yenicag.az xəbər verir ki, bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yaydığı açıqlamada Xalq artistləri Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik və Səidə Quliyevanın işdən çıxarılmadığını açıqlayıb:
“Yayılan xəbər doğru deyil. Adıçəkilən sənətkarlar teatrda öz işlərini davam edirlər. Onları xalq sevir, onlar Azərbaycan teatrı üçün dəyərdirlər. Yaşı 65-i keçən heç kim işdən çıxarılmayıb, heç kim yarımştata keçirilməyib. Akademik Milli Dram Teatrının hər bir aktyoru ştat cədvəli üzrə maaş alır”.
Öz növbəsində Səidə Quliyeva Bizim.media-ya açıqlamasında haqqında yazılanları təkzib edib: “İlham Rəhimli adımı səhvən və bilmədən çəkib. Pensiya yaşım bu yaxınlarda tamam olub. Akademik Milli Dram Teatrı hamı kimi mənimlə də bu yaxınlarda müqavilə bağlayıb. Mən də teatrımızda fəaliyyətimi davam etdirirəm”.
Sumqayıt Dövlət Dram Teatrının direktor müavini Vidadi Məmmədov isə bir müddət əvvəl verdiyi açıqlamasında bildirmişdi ki, Xalq artisti Valeh Kərimov ancaq müqavilə əsasında hər hansı bir rolu canlandıra və daxili imkanlar hesabına vəsait ala bilər./Qafqazinfo/