“Xalq Cəbhəsi hakimiyyətində olanlar gərək başlarına güllə çaxaydı” – Araz Əlizadə

“O adamlar indiyə kimi “bəlkə də qaytardılar” fikri ilə yaşayır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Xalq Cəbhəsi hakimiyyətində təmsil olunmuş şəxslər arasında 1993-cü il 4 iyun hadisələri ilə bağlı mübahisələrinin səngiməməsinə münasibət bildirən Milli Məclisin deputatı Araz Əlizadə deyib.

Deputatın fikrincə, keçmiş hakimiyyətdə təmsil olunmuş şəxslərin qarşılıqlı ittihamları sovet dövrünün lətifələrini xatırladır:

“Əgər o zamankı Xalq Cəbhəsi hakimiyyətində vəzifədə olan insanların qeyrəti varsa, gərək çoxdan başlarına güllə çaxıb öləydilər. Respublikanı ki, o vəziyyətə qoydular, onları bağışlamaq olmaz. O adamlar bir fikirlə yaşayırlar; “bəlkə də qaytardılar”, “bəlkə ölkəni böyrü üstə qoymağa bir də şans düşdü”… Sovet vaxtı bir zarafat vardı, deyirdilər ki, nəyə görə Leninqradın “Spartak” basketbol komandası hər dəfə SSKA-ya uduzaraq, çempion ola bilmir? Bunun cavabı belə olur, “Spartak” meydana çıxanda, oyunçular oynamaq əvəzinə, mübahisə edirlər ki, nə üçün inqilab Leninqradda baş verdi, amma paytaxt Moskva oldu? İndi onların da məsələsi bu lətifəyə bənzəyir”.

A.Zeynalov