Xalq ilə Prezidenti qarşı-qarşıya gətirmək istəyənlər… – Milləti “çuşka” adlandırma siyasətinin PƏRDƏARXASI

2018-ci ilin ilk həftələrindən başlayaraq, Azərbaycana qarşı ölkə xaricində və daxilində formalaşdırılan siyasi-ideoloji mərkəzlər bütün istiqamətlərdə hərəkətə keçiblər.

Bu aktivliyin ilk təzahürləri Qərbi Avropa ölkələrində və ABŞ-da məskunlaşan azərbaycanlı mühacirlərin timsalında müşahidə olunmağa başladı. Müasir Azərbaycan mühacirətinin müəyyən qismini özündə birləşdirən “siyasi fəallar” bağlı olduqları mərkəzlərdən aldıqları təlimat əsasında baş qaldırdılar.

Mühacirlərin həmin kəsimi Orduxan Teymurxan adlı “fəal”ın timsalında Azərbaycan dövlətinə qarşı düşmən münasibətlərini ən açıq formada bəyan edərək, hansı “cəbhə”də dayandıqlarını hər kəsə göstərdilər.

Orduxanın ermənilərin Dağlıq Qarabağda və Ermənistanda məscidlərə, müqəddəs ziyarətgahlara, azərbaycanlılara məxsus məzarlara toxunmadıqlarını bəyan etməsi o cameənin bu millətlə hər hansı bağlılığının qalmadığını birbaşa təsdiqləyir.

Ancaq təəssüf ki, Azərbaycana yönəlik hücumlar ölkə xarici ilə məhdudlaşmır. Cəmiyyətin fəal kəsimi Orduxan qaragüruhunu sərt reaksiya ilə susdurduğu günlərdə xalqın milli-mənəvi dəyərlərinə istiqamətlənən hücuma artıq daxildən start verilib.

Dövlətin içində yaradılan o şəbəkə hakimiyyətin müxtəlif pillələrində qərarlaşan yüksək məmurların himayəsi sayəsində hətta ölkə prezidentinin hər zaman diqqətdə saxladığı dəyərlərə nümayişkar tərzdə meydan oxuyurlar.

Bunun konkret nümunəsi olaraq, sosial şəbəkələrdə özlərini “ateist” kimi təqdim edən bir qrup şəxsin iştirakı ilə keçirilən “Tanrı böyük deyil” adlı kitabın təqdimat mərasimini qeyd edə bilərik.

Sözügedən tədbirdən hazırlanan videomaterial sosial şəbəkələrdə də yerləşdirilib və iştirakçıların orada səsləndirdikləri İslam dininə, inanclı insanlara yönəlik həqarətli fikirlər kəskin diskussiyalara yol açıb.

Təqdim olunan kitabın adı onu hazırlayıb, ərsəyə gətirənlərin düşüncələri barəsində təsəvvür yaradır. Adamlar ateistdirlər, Allahın varlığını inkar edirlər. Bu, əlbəttə ki, onların seçimi və haqqıdır.

Ancaq kitab təqdimatında səsləndirilən fikirlərdən görürük ki, həmin şəxslər inanclı təbəqə haqqında heç də eynilə düşünmürlər. Yəni onların ateist mövqeyinin anlayışla qarşılanmasına baxmayaraq, o şəxslər dindarları təhqir etməkdən çəkinmirlər.

Haqqında danışılan ateistlər öz düşüncələrinə o qədər aludə olublar ki – təbii, yüksək məmurlardan aldıqları dəstəyə güvənərək – dindarları “qara kütlə”, “qara camaat” adlandıracaq qədər irəli gediblər.

O adamları dinlədikcə, bolşeviklərin ötən əsrin 30-cu illərində başlatdıqları “Allahsızlıq” hərəkatını xatırlamamaq olmur. İstər-istəməz belə qənaət yaranır ki, bolşeviklərin səlahiyyətləri indi bunlarda olsaydı, ölkə “qırmızı terror”a bürünərdi…

Əslində, bu tərz cəmiyyətə çox tanışdır. Özlərini “elitar təbəqə”, “ağ qarğa” sayanlar hər imkanda xalqı təhqir etməyi “status”larından qaynaqlanan vəzifə kimi qarşıyua məqsəd qoyublar.

Bunun bariz nümunəsini Avropa Azərbaycanlıları Konqresinin (AAK) Amsterdamda keçirilmiş növbədənkənar qurultayında Eynulla Fətullayevin çıxışında gördük. Tipik “şəhər uşağı” obrazında görünmək istəyən Fətullayev əyalətdəki həmvətənlərimizin ünvanına iyrənc “çuşka” ifadəsini işlətməklə, mədəniyyətin, tərbiyənin məkana bağlı keyfiyyət olmadığını nümayiş etdirdi.

Yuxarıda da deyildiyi kimi hər bir vətəndaş tək ateistlər də öz mövqeyini müəyyənləşdirməkdə sərbəstdir. Bu, cəmiyyətin böyük hissəsini əhatə edən dindarlar üçün problem yaratmır. Ancaq görünür, inanclı insanların mövcudluğu və onların sırasının genişlənməsi ateistlərin, daha doğrusu, onları yönləndirən mərkəzlərin rahatlığını pozub, yoxsa durduqları yerdə bu sayaq baş qaldırmazdılar.

Lakin bir mühüm məqamı unudurlar ki, onların inancının sərhədləri başqalarının inancları başlayan yerdə bitir. “Müasir düşüncə”nin daşıyıcıları isə bu elemantar həqiqəti anlamayacaq dərəcədə dözümsüzlük sərgiləyirlər. Bir daha deyirik, hər kəs öz seçimində azaddır. Amma bu azadlıq kiməsə öz təbliğatını aparmaq üçün dindarları hədəfə götürmək, təhqir etmək haqqı verirmi? Əlbəttə, yox!

Məsələnin daha ciddi bir tərəfi də var. Təbii ki, burada sual yaranır:

“Azərbaycanda və onun yerləşdiyi coğrafiyada həssaslığın pik nöqtəyə çatdığı, ölkənin prezident seçkilərinə getdiyi bir ərəfədə cəmiyyətdə gərginliyi artıran belə bir kitab təqdimatının keçirilməsi təsadüfdürmü?” Tədbirdə səsləndirilən təhrikçi fikirlərə baxsaq, suala təsdiqedici cavab vermək imkan xaricindədir.

Digər tərəfdən, təhrikçiliyə hədəflənmiş ateistlərin yüksək səviyyəli himayəçiləri prezident İlham Əliyevin İslam dininə və inancına münasibətindən sözsüz ki, xəbərdardırlar. Onlar 2017-ci ilin yayında abadlıq işləri adı altında “Hacı Cavad” məscidini icazəsiz sökdürən Yasamalın icra başçısı İbrahim Mehdiyevi əməlinə görə vəzifədən qovmasını da hər halda unutmayıblar. Ancaq görünür, nəzərdə tutulan məmurlar Mehdiyevin aqibəti ilə üzləşmək ehtimalını dərk etmirlər, yaxud da etmək istəmirlər.

“Niyə və nə üçün indi?” sualına biz cavab tapmağa çalışdıq. O suala dövlət qurumlarının da cavab axtarması çox yerinə düşərdi…

Araz Zeynalov