!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xalqın hökumətə etimadı qalmamışdı” – Ənvər Börüsoy Meydan Hərəkatından danışır

!Reklam – Yazi

“Qarabağ məsələsi millətin onilliklər boyu yığılmış enerjisini üzə çıxartdı”.

1988-ci il noyabrın 17-dən dekabrın 5-nə qədər davam edən və tarixə Meydan Hərəkatı kimi düşən fasiləsiz mitinqlərin iştirakçısı, tanınmış hərəkatçı Ənvər Börüsoy Yenicag.az-a müsahibəsində 29 il əvvəlki prosesləri dəyərləndirib.

– Bu gün 29 illiyi qeyd olunan Meydan Hərəkatına müasir nəzərlə baxsaq, həmin aksiyanın yeri, dəyəri nədir?

– Sualınıza qısa, konkret cavab versəm, Meydan Hərəkatını tək adla ümumiləşdirə bilərik: Milli iradə! Yəni o hərəkatın qısa təqdimatı belədir. Ancaq Meydan hərəkatının dəyərini daha geniş surətdə verə bilmək üçün o dövrün proseslərini xatırlamaq, nələrin baş verdiyini yada salmaq lazımdır. 1988-ci ilin fevralında ermənilər Dağlıq Qarabağa qarşı iddialarını növbəti dəfə qaldırdılar, Azərbaycanda vəziyyət gərginləşməyə başladı, həmin ilin yay-payız aylarında isə Ermənistandakı 100 minlərlə soydaşımız öz dədə-baba yurdundan qovulub didərgin salındılar.

Bütün bunların fonunda Azərbaycanın o vaxtkı müxtəlif qruplaşmalara bölünmüş kommunist rəhbərliyinin qətiyyətsizliyi, zəifliyi, proseslərə milli maraqlar prizmasından yanaşmaması ictimaiyyətdə qəzəb doğururdu. Həmin dövrdə Moskvadakı Mərkəzi hakimiyyətin də məsələyə münasibəti birmənalı deyildi. Sovet rəhbərliyindəki mühafizəkarlar və onların rəqibləri kimi çıxış edən yenidənqurma tərəfdarları yaranmış vəziyyətdən öz maraqları üçün faydalanmağa çalışırdılar. Ona görə də o qruplardan heç biri Qarabağ problemini başlanğıcdan həll etməyə maraq göstərmədi. Moskvanın iradəsindən kənara çıxa bilməyən respublika rəhbərliyinin fəaliyyətsizliyi ziyalıların meydana çıxmaları və Azərbaycan xalqının maraqlarını ifadə etmələri ilə nəticələndi. 17 noyabrda başlayan fasiləsiz mitinqlərin əsas tələbi də Qarabağ məsələsinin birdəfəlik həll olunması idi. Həmin günlərdə ermənilərin Topxana meşəsini qırması xalqın qəzəbini daha da artırdı və yaranmış qığılcım alova çevrildi. Beləliklə də, 1988-ci il noyabrın 17-də başlayıb dekabrın 5-nə qədər davam edən, təqvimə Milli Dirçəliş Gününün salınmasına səbəb olmuş fasiləsiz mitinqlər keçirildi.

– Noyabr mitinqlərinin təşkilini necə xatırlayırsız? Nədənsə, çox da uzaq olmayan bu tarixlə bağlı fərqli fikirlər səslənir…

– Mən təəssüf edirəm ki, üstündən neçə il keçdikdən sonra bir çoxları özlərini həmin fasiləsiz mitinqlərin təşəbbüskarı, təşkilatçısı, idarəedicisi kimi təqdim edir. Qeyd edim ki, artıq o dövrdə respublikada milli yönümlü bir sıra təşkilatlar yaradılmışdı və onların hər biri Noyabr mitinqlərinin təşəbbüskarı olmaq imkanındaydı. Məsələn, “Çənlibel” təşkilatı vardı, Xalq Cəbhəsinin ilkin özəyi və sair. Eyni zamanda, mənşəyi şübhəli olan müəyyən qurumlar da mövcud idi. Təşkilatçılığa gəldikdə, qeyd etdiyim qurumlar ilkin təşəbbüslə 50-60, bəlkə də daha çox insanla mitinqə qoşula bilərdilər. Ancaq əlbəttə ki, xalqın geniş dəstəyi və iştirakı həlledici idi. Bunu nəzərdən qaçırtmaq olmaz. Çünki xalq görürdü ki, hökumət problem həll etmək əvəzinə onu aldadır, heç bir vədini yerinə yetirmir. Misal üçün, Ermənistandan gələn ilk qaçqınlarımızın Dağlıq Qarabağda yerləşdirilməsi tələbi mitinqlərdən əvvəl respublika rəhbərliyinə çatdırılmışdı və cavab verilmişdi ki, onlar bu fikri dəstəkləyirlər. Ancaq reallıqda isə yerlərdən gələn məlumatlardan bəlli olurdu ki, Dağlıq Qarabağın bəzi məntəqələrində Ermənistandan gəlmiş 5-10 qaçqın ailəsi, bir o qədər də Axıska türklərinin ailələri yerləşdirilib. Yəni kütləvi yerləşdirmə yox idi. Həmçinin, Moskva mətbuatında ermənilərin xeyrinə aparılan kampaniya da xalqın hiddətini artırırdı. O baxımdan, noyabr mitinqləri kimlərinsə yox, xalqın adı ilə bağlanmalıdır.

– Mitinqin əvvəlində aksiya bir neçə nəfər tərəfindən birlikdə idarə olunsa da, növbəti günlərdə Nemət Pənahlı təşəbbüsü ələ aldı. Bu, necə oldu?

– Yox, orada tək Nemət Pənahlı deyildi ki… Meydan o günlərdə yaradılan 16 nəfərlik Nümayiş Komitəsi tərəfindən idarə olunurdu. Komitədə Əbülfəz Elçibəy, Məhəmməd Hatəmi Tantəkin, Tağı Xalisbəyli, İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Sabir Rüstəmxanlı, Firudin Cəlilov, Sevil Cahani, Mikayıl Mirzə, Mənsur Əlisoy, İsmayıl Tariqpeyma və başqalarından ibarət idi.

– Ancaq sonra rəhbərlik Nemət Pənahlıya keçdi…

– Bilirsiz, o vaxt Nümayiş Komitəsində iki mövqe yaranmışdı. Bir qrup bu mövqedə idi ki, mitinq dayandırılsın və Meydanın tələbi respublika rəhbərliyinə çatdırılsın, həmin məsələlərin həllinə təsir göstərilsin. Həm də bir ehtiyatlılıq vardı ki, hökumət meydanda ciddi təxribatlar törədə bilər. Yəni hökumətlə danışıqlara getməyin tərəfdarları mövqelərini belə əsaslandırırdılar. Nümayiş Komitəsi üzvlərinin çoxu bu mövqedə idi.

Ancaq Meydana toplaşan xalqın hökumətə etimadı qalmamışdı, ona inanmırdı və buna görə də radikal mövqeni, mitinqlərin davam etdirilməsi tələbini dəstəkləyirdi. Mən burada radikal sözünü şərti işlədirəm. Çünki radikallıq bizim xalqa xas deyil. “Çənlibel”, “Qızılbaşlar” kimi təşkilatlar da mitinqlərin davam etdirilməsini istəyirdi.

– Bu mövqe fərqləri də Meydanda parçalanmaya səbəb oldu…

– Mən buna parçalanma deməzdim. Çünki Nümayiş Komitəsində mitinqin davam etdirilməsi məsələsinə fərqli mövqedən yanaşan tərəflər strateji baxımdan eyni düşünürdülər, məqsədləri bir idi, sadəcə, taktiki planda fikirləri ayrı idi. Ona görə də bu fərqliliyi parçalanma adlandırmaq doğru olmazdı.

Şəxsən mən dekabrın 5-nə – nümayiş “dağıdılana” qədər orda olmuşam. Sovetin dəbilqəli, qoruyucu maskalı xüsusi təyinatlı əsgərləri Meydanı mühasirəyə alıb, hücuma keçdilər. Mən də daxil olmaqla xeyli insanı, o cümlədən mitinqi sona qədər idarə edənləri həbs etdilər. Bəzilərimizi Bayıla, daha sonra isə digər həbsxanalara göndərdilər. Məsələn, məni 3 gün Bayılda saxlayıb, sonra da Salyan yaxınlığındakı Xələc həbsxanasına apardılar. Demək istədiyim odur ki, sona qədər Meydanda olmuşam və orada gedən prosesləri bilirəm.

– Nümayiş Komitəsindəki fikirayrılıqları Meydandakılara necə təsir göstərirdi?

– Meydanda qalmaq tərəfdarı olanlar hesab edirdilər ki, əgər dağılışsalar, o halda hökumət aksiyaların bərpasına imkan verməyəcək. Eyni zamanda, hökumətlə danışıqlara getmək istəyənləri də qınamaq doğru olmazdı. Burada sadəcə, bir ciddi məsələ vardı: hökumətin üzərinə götürəcəyi öhdəlikləri yerinə yetirəcəyinə təminat varmı? Bu, ciddi detal idi. Bir daha qeyd edim ki, Nümayiş Komitəsində və Meydanda olan liberallarla əks mövqedə dayanan barışmazları üz-üzə qoymaq olmaz. Yəni onların hədəfi eyni, hədəfə doğru seçdikləri yol isə fərqli idi.

– Meydan Hərəkatının SSRİ-də və ondan kənarda doğurduğu reaksiyalardan xəbər tuta bilirdiz?

– Gəlin məsələyə real baxaq. Baltikyanı respublikaları kənara qoysaq, SSRİ-də antisovet hərəkatın mərkəzi Bakı ilə Tiflis idi. Bunun da əsas səbəbi o idi ki, ötən əsrin 70-80-ci illərində Azərbaycanda milli fikir, milli şüur bütün sahələrdə özünün yüksəliş dövrünü yaşayırdı. Qarabağ məsələsinin ortaya çıxması isə sanki millətin onilliklər boyu yığılmış enerjisini üzə çıxartdı.

– Xalqın 29 il əvvəl Meydandan dünyaya nümayiş etdirdiyi möhtəşəm həmrəylik bu gün xəyal kimi görünür. O həmrəyliyin yenidən yaranmasını mümkün sayırsız?

– Hegelin bir sözü var: istənilən xalqı asanlıqla həm dağıdıcılıq, həm də yaradıcılıq məcrasına yönəltmək olar. O dövrdə də cəmiyyətdə yaradıcılıq mühiti güclü idi. İlk növbədə də milli dövlət qurmaq, onu inkişaf etdirmək istəyi önə çıxmışdı. Ancaq bu gün cəmiyyətdə bir boşluq var və o da imkan vermir ki, yaradıcılıq ruhu güclənsin və xalq yenidən sözün tam mənasında bütövləşsin. Yəni Azərbaycan cəmiyyətinin indi əsas problemi budur.

A. Zeynalov

www.yenicag.az

2834
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv