İslam cəmiyyətinin problemi Səudiyyə kimi bir sıra müsəlman icmalarında hakimiyyəti ləyaqətsiz insanların zəbt etməsi ilə əlaqədardır.
Yenicag.Az “Report”-a istinadən xəbər verir ki, bunu şənbə günü Tehranda müqəddəs Ramazan ayının başlanması ilə əlaqədar keçirilən təntənəli mərasimdə çıxışı zamanı İranın ali dini lideri Əli Xamenei deyib.
“Belə vəziyyət İslam dininin əsasları və Quranın müddəalarından uzaqdır. Bu insanlar milyonlarla tiraj Quran buraxırlar, amma əməlləri və hərəkətləri Quranın təlimatları ilə ziddiyyət təşkil edir. Onlar kafirlərlə dostluq edir, onlara vəsait verirlər, halbuki onu xalqın yaşayışının yaxşılaşdırılmasına yönəldə bilərdilər”, – deyə İranın lideri bu yaxınlarda ABŞ və Səudiyyə Ərəbistanı arasında 110 milyard dollarlıq Amerika silahlarının alınmasına dair əldə edilən sövdələşməni nəzərdə tutaraq bildirib.
“Onlar düşünürlər ki, pul müqabilində düşmənin rəğbətini qazanmaq olar. Həqiqətdə isə heç bir rəğbət yoxdur. Amerikalılar özləri deyirlər ki, onlardan (səudiyyəlilərdən) südverən inək kimi istifadə edəcəklər və sonda kəsilməyə göndərəcəklər”, – deyə İran lideri bildirib.
Yenicag.Az