“İranın açıq-aydın İsraillə hərbi müstəvidə qarşıdurmaya getmək marağının olmadığı ortadadır”.
Yenicag.az xəbər verir ki, bunu ehtimal olunan İran-İsrail münaqişəsi barədə fikirlərini bölüşən politoloq Filip Droz-Vinsent deyib.
Onun sözlərinə görə, İranın hərbi müstəvidə qarşıdurmaya nə imkanı, nə də marağı var.
“İranın ali rəhbəri Əli Xamneyi üçün ən vacib məsələ hazırki rejimin əbədiləşdirilməsidir.
Yaxın Şərqdə artıq bir ildir ki, müharibə davam edir. İsrailin bunu “müqəddəs missiya” adlandırması “yeni Yaxın Şərq” perspektivlərini artırır. İranın məsələdəki mövqeyi isə hər kəsə bəllidir. Eyni zamanda zəzərə almaq lazımdır ki, Hizbullah, Suriya, husilər, İraq şiə qrupları və HƏMAS İranı ABŞ və İsrailə qarşı müqavimətin dayağı kimi görür”, – deyə o əlavə edib.
O qeyd edib ki, ancaq İran da müəyyən çərçivə daxilində cavab tədbirləri həyata keçirir.
“Yəni qarşıdurma əhval-ruhiyyəsi hiss olunmur. Həmçinin ali liderin nüvə proqramı ilə bağlı ABŞ ilə danışıqlara hazır olduğunu bildirməsi mütləq vurğulanmalıdır.
“Hizbullah”ın mərhum lideri Həsən Nəsrullah da İranın Suriya kimi “döyüşlərə girmək məcburiyyətində olmadığını aydın izah etdi. Bir sözlə, sadalanan amillər göz önünə gətirildikdə İranın açıq-aydın İsraillə hərbi müstəvidə qarşıdurmaya getmək marağının olmadığı ortadadır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli