Xamneyiyə verilən kəşfiyyat MƏLUMATI: Pezeşkian necə prezident oldu – ŞOK DETALLAR

Kəşfiyyat rəsmiləri may ayında seçkilərdən əvvəl Ayətullah Xamneyiyə məlumat veriblər. Brifinqdə verilən məlumatlara görə, vəziyyət ağır görünürdü. İqtisadi çətinliklərdən və sosial azadlıqlara basqılardan qəzəblənən bir çox iranlı isə seçkiləri boykot etməyi planlaşdırırdı. İştirakın təxminən 13% olacağı gözlənilirdi.

Yenicag.az xəbər verir ki, bu barədə nüfuzlu “Reuters” agentliyinin “Ayətullah Xamneyi Pezeşkianı necə İran prezidenti etdi?” adlı sərlövhəli məqaləsində qeyd olunub.

Agentliklə söhbətində 5 məlumatlı mənbənin bildirdiyinə görə, Xamneyi brifinqdə ona təqdim olunan hesabatlardan sonra diqqətlə təşkil olunmuş seçki planlaşdırmaq qərarına gəlib. Mühafizəkarların əvvəlcə çoxluq təşkil edəcəyi seçki yarışında naməlum, lakin etibarlı mötədil islahatçı Məsud Pezeşkianın prezident olması üçün isə zəmin hazırlanmışdı.

Mühafizəkar cəbhədən ikisi, yüksək səviyyəli təhlükəsizlik məmuru və Ayətullah Xamneyinin çevrəsinə yaxın iki şəxs daxil olmaqla 5 mənbəyə görə, Xamneyi mayın sonunda Rəhbərlik İdarəsində ən azı üç görüş keçirib. Bu görüşdə ən çox güvəndiyi adlarla planını müzakirə etdi.

Görüşlərdən xəbəri olan mənbə deyib ki, Ayətullah Xamneyi seçkilərdə iştirakın az olmasının Rəhbərlik ofisinin etimadına xələl gətirəcəyindən narahat olduğunu bildirib və iclasda iştirak edənlərə seçkini istiqamətləndirmək üçün bir yol tapmağı əmr edib.

Rəhbərlik İdarəsinin yüksək vəzifəli şəxsləri və təhlükəsizlik müşavirləri, İnqilab Keşikçiləri Korpusunun (SEPAH) iki yüksək səviyyəli komandiri və Əli Əkbər Vilayəti Ayətullah Xamneyinin kabinetində keçirilən görüşlərdə iştirak ediblər.

Beş mənbəyə görə, Xamneyinin məqsədi Qəzza ilə bağlı Qərb və İsraillə gərginliyin artması, eləcə də daxili müxalifət və Tehranın müttəfiqləri olan Livandakı “Hizbullah” və Yəməndəki “Ənsarullah” (Husilər) müdaxilələri ilə daha da pisləşən İranı qorumaq idi.

Görüşlə bağlı məlumat verən daxili mənbə bildirib ki, Ayətullah Xamneyi İranın cəmiyyətin müxtəlif təbəqələrinə müraciət edə bilən, lakin quruluşa meydan oxumayan prezidentə ehtiyacı olduğuna inanır.

Ayətullah Xamneyinin kabinetində keçirilən ikinci görüşdə bir neçə ad gündəmə gəlib. Ayətullah Xamneyi bu görüşdə Pezeşkianı hakimiyyətdəkilər arasında birliyi təmin edə, dini qurumlarla xalq arasında körpü yarada və növbəti Rəhbərin rahat şəkildə seçilməsini təmin edə biləcək şəxs kimi təklif etdi.

İslahatçı analitik və iqtisadçı Səid Leylaz agentliklə söhbətində deyib ki, bu, İranın sağ qalmasına zəmanət vermək üçün “bələdçi”nin mükəmməl planı idi. Onun sözlərinə görə, Pezeşkian istər xalqla, istərsə də qurumlarla daxili böhrandan qaçacaq.

“Bu isə o deməkdir ki, Ayətullah Xamneyi bu, prezidentlə öz varisi haqqında qərar verməyə və bunu sakit bir mühitdə planlaşdırmağa imkan verəcək”, – S. Leylaz deyib.

Nəşr həmçinin onu da yazır ki, yeni prezidentin İranın nüvə işində və xarici siyasətində və ya bölgədəki silahlı qruplara dəstəyində böyük dəyişikliyə səbəb olacağı gözlənilmir. Bununla belə, o, dövlətin ən yüksək səviyyəli məsələləri ilə bağlı qərarlar qəbul edən Xamneyinin varisinin seçilməsində yaxından iştirak edəcək.

Pezeşkianın mötədil profili narazı iranlıları sakitləşdirəcək, artan xarici təzyiqlər fonunda daxili sabitliyi təmin edəcək və mümkün varisinin seçilməsi prosesində Xamneyini etibarlı müttəfiqlə təmin edəcək.

İranda hakim dairələrə yaxın regional mənbə bildirib ki, Pezeşkianın seçilməsi 2022-ci ildə gənc qadının həbsdə öldürülməsi və Rəisi tərəfindən sosial azadlıqlara daha sərt məhdudiyyətlər səbəb olan ictimai etirazlar dalğasından sonra yaranmış gərginliyi sakitləşdirmək üçün nəzərdə tutulub.

Pezeşkiana yaxın mənbə bildirib ki, yeni prezident keçmişdə bir çox mötədil və tanınmış mühafizəkar namizədlərə qadağa qoyan Xamneyi ilə bağlı seçilməmiş nəzarət orqanı olan Konstitusiyanın Mühafizəçiləri Şurası tərəfindən təsdiqlənməsini belə gözləmirdi.

Məlumatı olan beş mənbə bildirib ki, Xamneyinin planı ədalətli və demokratik görünmək üçün hazırlanıb və bu səbəbdən iki aparıcı mühafizəkar namizəd Səid Cəlili və Məhəmməd Baqir Qalibaf Konstitusiya Keşikçiləri Şurası tərəfindən təsdiqlənib.

“Bu o demək idi ki, mühafizəkarların səsləri çox güman ki, onlar arasında bölünəcək və hər ikisinin ikinci tura keçməsi çətinləşəcəkdi”, – deyə qeyd edilib.

Analitiklərin fikrincə, Azərbaycan türkü olan Pezeşkian ilk turdan daha çox şəhər orta təbəqəsini və gəncləri əhatə edən seçici bazasının dəstəyi ilə keçib. İştirakın 40 faiz olduğu seçkidə Pezeşkian və Cəlili ikinci tura keçib. Cəlilinin daxili və xarici siyasətindən qorxaraq, iyulun 5-də keçirilən ikinci turda Qalibafa səs verən və ya bitərəf qalan bir çox iranlı Pezeşkiana səs verib.

Nəhayət, Xamneyinin planı istədiyi nəticəni verdi. İslahatçıların, mötədil mühafizəkarların və etnik azlıqların dəstəklədiyi 69 yaşlı ürək cərrahı Pezeşkian 54% səslə seçkidə qalib gəlib.

Pezeşkian dövlət televiziyasında yayımlanan çıxışında isə bu sözləri deyib.

“Rəhbərə təşəkkür edirəm, o olmasaydı, adımın seçki qutularından asanlıqla çıxacağını düşünmürdüm”, – deyə o bildirib.

Xamneyiyə yaxın iki mənbə bildirib ki, Pezeşkian səslərin düzgün hesablanması üçün rəhbərin seçki rəsmilərinə verdiyi göstərişə istinad edir.

İranlı araşdırmaçı Mövsüm Əhmədi isə qeyd edir ki, Xamneyi bir daha çox praqmatik və böyük siyasət mühəndisi olduğunu göstərdi.

“Mən hesab edirəm ki, Xamneyi Rəisinin ölümündən sonra İranda yaranan siyasi boşluğu uğurla transformasiya edə bildi. 40 il ərzində İranı dəmir yumruqla idarə etsə belə, Xamneyi həm də ölkə daxilində olan bütün narahatlıqları öz ağlına uyğun nə zaman ifadə etməyi və zamanlamanı çox gözəl seçib.

Buna görə də İranda bütün etirazlara baxmayaraq, o, ölkədə “qızıl orta”nı qoruya bildi. Pezeşkian sistem adamı olsa belə, xalqın sevdiyi sistem adamıdır, deməli, Xamneyi ən azı qısa və orta perspektivdə xalqı sakitləşdirəcək uğurlu namizədi müəyyən edə və onu seçdirə bildi”, – M. Əhmədi söyləyib.

Rafi Müslümov

COP29