Xanım bələdiyyə başçısının selfi “silahı”

1474031745_belediyyemehribanBinəqədi qəsəbə Bələdiyyəsinin sədri, Yeni Azərbaycan partiyasının üzvü Aytac Əliyeva Mehriban Əliyeva ilə çəkdirdiyi selfidən istifadə edərək hegemonluq edir.

Bu barədə AFN.az qəsəbə sakinlərinə istinadən xəbər verir. Bildirilir ki, A.Əliyeva bir müddət əvvəl tədbirlərin birində birinci xanımla selfi çəkdirib: “Elə ondan sonra da qəsəbə sakinlərinin qara günü başladı. Bələdiyyəyə aid nə işimiz, problemimiz olsa süründürməçiliyə məruz qalırıq. Heç rayon rəhbərliyi də ona bata bilmir, deyir ki, Mehriban Əliyeva ilə şəxsi münasibətim var”.

Qeyd edək ki, A.Əliyevanın bu hərəkətilə bağlı sosial şəbəkələrdə də material paylaşıblar. Belə ki, Dəyanət Babayev adlı feyzbuk istifadəçisi bildirib ki, A.Əliyeva həmin selfini əlində əsas tutaraq “Mənim Mehriban xanımla yaxın münasibətlərim var, mənə heç kim bata bilməz” deyir: “Aytac Əliyeva Mehriban Əliyeva ilə selfisindən istifadə edib Binəqədi Bələdiyyəsi ərazisində vətəndaşlardan qanunsuz haqq yığır, tikinti aparmaq üçün konkret rüşvət miqdarı müəyyən edir. “Sizdən şikayət edəcəyəm” sözlərinə isə cavabı belədir: “Get kimə istəyirsən şikayət et, mənim arxamda duranlar Respublikada istənilən adamı məhv edər…” Həmçinin bu sözlər selfini göstərməklə müşahidə olunur. Maraqlı burasıdır ki, ölkənin birinci xanımı ilə selfini kiməsə göstərmək öz təsirini göstərir, hətta prokurorluq əməkdaşları bu selfiyə görə Aytac Əliyevdan çəkinirlər. Düşünürəm ki, bu məsələ ictimailəşəndən sonra həm Mehriban xanim, həm də adiyyəti orqanlar Aytac Əliyeva haqqında tədbir görəcəklər və bu özbaşınalığa son qoyulacaq”.

Qeyd edilən məsələlərlə bağlı qarşı tərəfin də mövqeyini öyrənmək istədik. Xanım bələdiyyə sədrinə telefon açıb haqqında edilən şikayəti diqqətinə çatdırdıq. Lakin hörmətli A.Əliyeva görünür, qarşısındakının jurnalist yox, təmsil etdiyi bələdiyyə ərazisindəki selfiyə görə ondan qorxan, çəkinən məmurlardan, vətəndaşlardan hesab edərək telefonu üzümüzə qapatdı. Gənc yaşlarında böyük bir qəsəbədə bələdiyyə sədrliyinə yüksəlmək üçün heç şübhəsiz yüksək şəxsi keyfiyyətlərə malik olmaq lazımdır. Lakin hörmətli A.Əliyevanın üzümüzə telefon qapatması, hətta sonradan etdiyimiz zənglərə də telefonu söndürərək “cavab verməsi” sübut edir ki, o, bu göstəricilərə malik deyil. O zaman əlində olan selfidən istifadə edərək, insanlara, hətta yüksək çinli məmurlara hədə-qorxu gəlməsi haqda məlumatlara nədən inanmayaq?!

1474033188_belediyyeaytac