Xanımı Habil Əliyevin anım günündə kövrəldi: “Xəstə vaxtlarında deyirdi ki…”

“Kamançanı övladı qədər sevirdi. Həmişə deyirdi ki, dörd övladım var, kamança da beşincisidir. Onu da deyirdi ki, kamança onlardan birinci yerdə dayanır”.

Bunu xalq artisti, dünya şöhrətli kaman ustadı Habil Əliyevin anım günündə xanımı Şərqiyyə Əliyeva Yenicag.az-a açıqlamasında deyib.

Sənətkarın ömür-gün yoldaşı onu bir an belə unutmadığını bildirib:

“Onu nəinki bir gün, bir dəqiqə, bir an belə unutmamışam. Sərt insan deyildi, əlini stola çırpıb, “mən deyən olmalıdır” deyə sərt xasiyyəti yox idi. Həlim insan idi və bütün məsələlərdə qarşılıqlı razılığa gəlirdik. Heç vaxt bir işi mənsiz görməzdi. Razılığımı almadan, məsləhətləşmədən nəsə etməzdi. Deyirlər e, hər kişinin arxasında bir güclü qadın olmalıdır. Mən hər zaman onun arxasında dayanıb, ona güc vermişəm. Bunu özü də həmişə verilişlərdə ailəsi ilə bağlı verilən suallara cavab olaraq deyirdi. Sənətkarın xanımı olmaq çox çətin işdir. Bunu evləndiyimiz ilk gündən bilirdim. Habil ailəsinə dəyər verən kişi idi. Mənə görə nigaran idi, xəstə vaxtlarında deyirdi ki, Şərqiyyə məndən sonra necə olacaqsan, çox nigaranam. Uşaqlarım mənə yaxşı baxır, çalışırlar ki, atalarının yoxluğunu hiss etməyim. Amma Habil mənim üçün yenə də yaşayır.

Kamançanı övladı qədər sevirdi. Həmişə deyirdi ki, dörd övladım var, kamança da beşincisidir. Amma onu da deyirdi ki, kamança onlardan birinci yerdə dayanır. Çünki kamançası onu dünyaya tanıtmışdı, çörək vermişdi, həyatının mənasına çevrilmişdi. Bu gün onun kamançalarına baxıb, onunla keçirdiyim ömrü gözümün önündən keçirirəm. Ağdaşda Habilin muzeyi fəaliyyət göstərir. Qismət olsa, Bakıda dövlət səviyyəsində muzeyi açılsa, bu kamançaları o muzeyə verərik. Evimizdə də bir güşə ayrılıb və Habilin sənətinə aid hər şey orada yerləşdirilib”.

Cəvahir