Xanımı Yaşar Nurinin doğum günündə kövrəldi: “Ölümündən 3 gün əvvəl qızlarına dedi ki…”

“Heç vaxt doğum gününü təmtəraqlı şəkildə qeyd etməzdi. Amma hədiyyələri sevirdi. Onun özünəməxsus hədiyyələri var idi. Təsbeh, saat, üzükləri çox sevirdi və ona verilən hədiyyələri kolleksiyasına daxil edərdi”.

Bunu bu gün doğum günü olan sevilən aktyor, Xalq artisti Yaşar Nuri ilə bağlı təəssüratlarını Yenicag.az-la bölüşərkən həyat yoldaşı Rəhimə xanım deyib.

Rəhimə xanım Yaşar Nuri ilə ailəli olduğu dönəmləri həyatının ən xoşbəxt çağları hesab etdiyini etiraf edib:

“Yaşarla keçirdiyim hər gün, hər an ən bəxtəvər çağlarım kimi yaddaşıma əbədi həkk olunub. Yaşar sənətkar idi və mən heç vaxt onu məişət problemləri ilə yormadım. Evdə nə çatdı, nə çatmadı, haçan gəldin, hara getdin deyib suallarla onu bezdirmədim. Gecə saat 3-4-də də gəlsəydi, bir kəlmə soruşmazdım ki, haradan gəlirsən. Eləcə də səhər açılanda soruşmurdum ki, dünən niyə gec gəldin. İçimdə şübhələr olsa belə, onu şübhələrimlə yormurdum. Heç vaxt üzünə bir kəlmə də olsun mənfi cəhətini demədim. İstəmirdim onu özümdən aşağıda görüm. Yaşar mənim üçün həmişə yüksəklikdə olub”.

Rəhimə xanım Yaşar Nurinin son nəfəsinə qədər ölüm barədə ona danışmadığını bildirib:

“Son nəfəsinə qədər bir dəfə də olsun eşitmədim, desin ki, mənə nəsə ola bilər. Tək bir dəfə, ölümündən 3 gün əvvəl qapıdan eşitdim, qızlarıma dedi ki, mən olmasam, sizə çətin olacaq. Mən ona yaxınlaşanda sözünü dəyişdi. İstəmirdi, bu sözləri eşidib pis olum. Kaş ki xəstə yataydı, amma sağ olaydı, gözümüz gözünə baxaydı. İki il əvvələ qədər yuxularıma gəlmirdi. Amma son iki ildə çox tez-tez onu yuxuda görürəm. Özü də xəstə vaxtlarını yox. Hər dəfə də yuxuda onu başımın üstündə görürəm”.

Cəvahir