Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarının təminat avtomobilləri növbəti dəfə maneəsiz hərəkət etdi
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Yenicag.az xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, Xankəndindən Laçın istiqamətində Rusiya sülhməramlılarına məxsus 5 ədəd təminat avtomobili keçib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Hazırda hava şəraitinin soyuq olmasına baxmayaraq, aksiya davam edir.
Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 11 gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.