“Hazırkı proseslər qarşıdakı sentyabr, oktyabr ayı ərzində ehtimal olunan antiterror əməliyatlarının xəbərçisidir. Həmin şəxslərin bu ehtimalı nəzərə alaraq zərər görməmək üçün Qarabağı tərk etməsi mümkündür”.
Bunu son zamanlar ermənilərin Qarabağı kütləvi şəkildə tərk etməsinin səbəblərindən danışan politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.
O bildirib ki, son zamanlar Qarabağı tərk edən ermənilərin sayının artması müxtəlif səbəblərlə izah oluna bilər:
“Laçın” nəzarət-buraxılış məntəqəsinin istifadəsində xüsusi bir maneə yoxdur. Gün ərzində 60-70 nəfərə yaxın şəxs buradan Ermənistana keçir. Ermənistanın BMT TŞ-dəki uğursuz cəhdi, əlavə olaraq Laçındakı humanitar yardım şousunun nəticəsiz qalması separatçıların, xüsusilə də Qarabağda yaşayan erməniləri ümidsizliyə düçar edib. Hazırkı proseslər qarşıdakı sentyabr, oktyabr ayı ərzində ehtimal olunan antiterror əməliyatlarının xəbərçisidir. Həmin şəxslərin bu ehtimalı nəzərə alaraq zərər görməmək üçün Qarabağı tərk etməsi mümkündür.
Digər tərəfdən, separatçılar özləri də bu prosesə hazırlaşırlar. Artıq müəyyən səngərlər qazılır, hərbi qurğular yerləşdirilir. “Laçın” NBM-dən keçən şəxslərin bir çoxu Rusiya vətəndaşıdır. Mülki vətəndaşlar zərər görməmək, həyatlarını itirməmək üçün ərazini tərk edirlər.
İnteqrasiya prosesində iştirak etmək istəyən ermənilərin sayı kifayət qədər çoxdur. 30 ildir cəmiyyətdən ayrı düşmüş xunta rejiminin əsarətində olan icmadan danışırıqsa, heç də hamısı Azərbaycana inteqrasiya prosesini istəməyə bilər. Lakin prezident İlham Əliyevin proseslərlə bağlı təlimatı və verdiyi açıqlamalar dəqiqdir.
İnteqrasiya istəməyən ermənilər bölgəni tərk edib Ermənistana, yaxud başqa ölkəyə gedə bilərlər. Azərbaycan heç kəsə mane olmur. Mülki ermənilərə qarşı ədavətimiz yoxdur. Separatçılar isə silahı yerə qoyduğu təqdirdə, əfvdən faydalana bilərlər. Antiterror əməliyyatları zamanı bizə silah çevirən istənilən şəxs məhv ediləcək”.
Nəsimi Ələsgərli