“Ali Baş Komandanın və müzəffər ordunun arxasında dağ kimi dayanan xalq böyük zəfərə nail oldu”.
Bu fikirləri Prezident İlham Əliyevin Xankəndi şəhərinə tarixi səfərinin önəmindən danışan Milli Məclisin deputatı Arzu Nağıyev Yenicag.az-a açıqlamasında deyib.
Millət vəkili bildirib ki, cəmi 24 saat davam çəkən antiterror əməliyyatlarından sonra Azərbaycan bayrağının Xankəndidə dalğalandırılması və Prezident İlham Əliyevin oraya səfəri dünya üçün çox mühüm əhəmiyyət daşıyan mesajdır:
“Hər zaman olduğu kimi uğurumuza sevinənlər və sevinməyənlər var. Ancaq bütün hallarda o kateqoriyaya aid olanların hər ikisi bu uğurdan dərs götürməlidir. İlham Əliyev prezident seçildiyi zaman andiçmə mərasimində Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyini, bayrağımızı bütün ərazilərimizdə dalğalandıracağını vəd etmişdi. Dediyini də etdi.
Xankəndidə – azad olunan son ərazidə də Azərbaycan bayrağını məhz dövlət başçısı qaldırdı. Prezident Xankəndidəki çıxışında özünə “dövlət” yaradanlar üçün də mesajlar səsləndirdi, onların öz cəzalarını sonuna qədər çəkəcəklərini vurğuladı.
İndi isə qarşıda duran əsas məsələ erməni əhalisinin inteqrasiya prosesidir. Azərbaycan uzun illər ərzində münaqişənin sülh yolu ilə həll olunması üçün davamlı addımlar atsa da, ölkəmizin bu təşəbbüslərinə məhəl qoyulmadı.
Belə olan təqdirdə isə hər kəs layiqli cəzasını aldı. Azərbaycan xalqı hər zaman birləşməyi bacarıb. Ali Baş Komandanın və müzəffər, rəşadətli ordunun arxasında dağ kimi dayanan xalq böyük zəfərə nail oldu. Buradan isə dünyaya bir daha dərs verildi ki, Azərbaycan xalqının, azərbaycanlı birliyinin qarşısında heç bir şər qüvvə dayana bilməz”.
Nəsimi Ələsgərli