Xanlar Vəliyev “top”u MN-ə ATDI: “Tərtər işi”ndə zabit şərəfini ayaqlar altına atanlar… – Səxavət Məmməd yazır

Düz beş il sonra Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev “Tərtər işi” barədə açıqlama verdi.

Açıqlamada xeyli diqqət çəkən məqamlar var. Xanlar Vəliyev məsələ ilə bağlı birinci dəfə danışarkən işi “nağıl” adlandırsa da, etiraf xarakterli son açıqlamasında ilk dəfə bəzi etiraflar etmiş oldu. Belə ki, kütləvi şəkildə hərbçi şəxslərə qarşı qeyri-qanuni işgəncələr həyata keçirilməsini bəyan etdi. Bu, dəfələrlə yazılsa da, həmişə əksi iddia olunmuşdu.

Vəziyyətin nə qədər acınacaqlı olduğu Xanlar Vəliyevin “Mənim tələbim əsasında, Müdafiə Nazirliyinin tibb xidmətindən böyük briqadada həkimlər gəldi”, – cümləsinin altında gizlənir. İşgəncənin nə dərəcədə dəhşətli olması həm də buradan açıq aydın olur: “Bir qism insanlar mərkəzi hospitala təxliyə olundu, çünki onlara çox ciddi fiziki zorakılıq tədbirləri həyata keçirilmişdi. Həmin adamların böyük bir qisminin həyatı xilas olundu”.

Əslində, Xanlar Vəliyevin dediklərində qeyri-adi bir şey yoxdur. Çünki bunlar uzun zamandır yazılır, deyilir. Sadəcə rəsmi ağızdan açıqlanması gözlənilirdi. Bu açıqlama təqdirəlayiq olsa da, məqbul hesab edilə bilməz. Bu barədə bir qədər sonra…

Gələk Xanlar Vəliyevə.

Xanlar Vəliyev özünü və qurumunu ağ atlı şahzadə, ilanın ağzından qurbağa alan, suyun qarşısını kəsən divi qovan kimi təqdim edir:

“Biz cinayət işini başlayana kimi bir nəfər şəxs vəfat etmişdi”; “Mən müəyyən etdim ki, doğrudan da, kütləvi şəkildə hərbçi şəxlərə qarşı qeyri-qanuni işgəncələr həyata keçirilib”; “Mənim tələbim əsasında Müdafiə Nazirliyinin tibb xidmətindən böyük briqadada həkimlər gəldi”…

Sual olunur, hərbçilərə qarşı kütləvi işgəncələr həyata keçirilən zaman hərbi prokurorluğun müstəntiqləri harada idi? Bildiyimiz qədər, bu proses üç qurumun həyata keçirdiyi bir əməliyyat olub. Bundan əlavə, çox sayda zərərçəkmiş iddia edir ki, müstəntiqə danışırdıq, xoşu gəlməyən kimi deyirdi, aparın bunu bir də presləyin. Yaxşı, bunu hara yazaq?

Əgər Xanlar Vəliyev danışmağa başlayıbsa, DTX və Müdafiə Nazirliyi də açıqlama yaymalıdır. Çünki bu məsələ ilə bağlı 07.05.2017-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Bəyanat yayıb. Bəyanatda deyilirdi:

“Toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 3 may 2017-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılmış və ibtidai istintaq aparılır”.

Təkcə bu cümlə onu deməyə əsas verir ki, Hərbi prokurorluq və adı gedən digər qurumlar məsələdən daha əvvəlcədən xəbərdar olublar. Hər halda, materiallar bir günə toplanıb, bir gün içərisində də cinayət işinin açılmasına qərar verilməyib.

Xanlar Vəliyev, əslində, açıqlaması ilə topu digər qurumların qucağına atır. Hərbi prokurorun onların qucaqlarına atdığı topdan daha çox minaya oxşayır.

Gələk Xanların Vəliyevin açıqlamasının məqbul hesab olunmamasına. Kütləvi işgəncə verilir, ölkənin 4 qurumu rəsmi bəyanat verir, ancaq həbsə bir neçə işgəncə verən gedir? Bu nə qədər doğru qərardır?

Ordu iyerarxiya ilə idarə olunan bir sistemdir. Yəni bu işgəncələri şifahi və ya yazılı əmr almayan heç bir hərbçi verə bilməz. Bildiyim qədər də əmrlər şifahi olub. Daha bir məsələ – işgəncəyə cəlb edilən hərbçilər özbaşına gedib kimisə postdan çıxara bilməz. Bunun üçün ən yüksək səviyyədə göstəriş verilmiş olub. Bəzən elə danışırlar ki, sanki korpusların kəşfiyyat bölükləri özbaşına bu əməliyyatı keçirib, sonra digər qurumlar əməliyyata daxil olub. Yaxşı, Hərbi Dəniz Qüvvələrinin SAT-ı (Sualtı Taaruz) Bakıdan özbaşına Tərtərə hərəkət etmişdi? İşgəncə verənlərin bəziləri cəzalandırılıb. Bəs əmr verənlər? Ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Nəcməddin Sadıkovun bundan heç xəbəri olmayıb? İki korpusun ərazisində kütləvi işgəncələr verilir və Müdafiə naziri Zakir Həsənov bundan xəbərsizdir? Nə Zakir Həsənova müqəvva deyirsiniz? Hamının Nəcməddin Sadıkovun bacısıoğlu kimi tanıdığı Ramil Əsgərovun bu işdə heç əli olmayıb? Əmr verən heç kim cəzalandırılmayıb, göstəriş verən heç kim istintaqa cəlb edilməyib. Xanlar Vəliyevin dediklərini və daha artığını hər kəs bilir. İnsanları düşündürən məhz əmr verən əllərdir, işgəncə verən əllər yox. Məhz Xanlar Vəliyevin açıqlaması buna görə məqbul hesab oluna bilməz.

Məsələnin mənəvi və şərəf tərəfinə toxunmasaq, olmaz. Düşünün, bir ordunun tərkibində çoxlu sayda düşmən tərəfə işləyən, casusluq edən var. Bu nə deməkdir? Bu dəfə aşağıdan yuxarı iyerarxiya ilə bütün komandir heyəti ya müqəvva olub, ya da görməzdən gəlib. Zabit şərəfi olan bu həngamədən sonra iki şey etməli idi. Ya istefa verib ordu sıralarından getməli, ya da tabel silahlı ilə kabinetində özün vurmalı idi. Görünən odur ki, əmr verənlər arasında zabit şərəfi anlayışı ya olmayıb, ya da unudulub.

COP29