Xanlar Vəliyevin “DƏYİŞMƏZ HƏDƏF”İ: Hərbi prokurorluq niyə xain generalları yox, qalib əsgəri əzir? – Səxavət Məmməd yazır

Müharibədən bir müddət əvvəl əlaqə saxladığım, dost olduğum hərbçilərə belə bir sual ünvanlamışdım: “Ən çox nədən qorxursunuz?” Bir çoxu “heç nədən”, – deyirdi. Belə olanda, sualı konkretləşdirib, “Ermənidən daha çox qorxursunuz, yoxsa hərbi prokurorluqdan?” Hər biri eyni cavab vermişdi – “Hərbi prokurorluqdan”.

Maraqlısı ondadır ki, onların hamısı hərbi prokurorluqdan niyə qorxduqlarının səbəbini də uzun-uzun açıqlayırdılar. Təsəvvür edirsiniz, düşmənlə üzbəüz dayanan hərbçi önündən yox, arxadan, hərbi prokurorluqdan qorxur.

Bu sualın və sorğunun haradan qaynaqlanmasına gələk. 2016-cı ilin aprel döyüşlərindən sonra cəmiyyətdə Azərbaycan ordusuna qarşı münasibət ilk dəfə yaxşı mənada pik həddə çatmışdı. Ancaq döyüşlərin bir ili tamam olmamış, ordu cəsusluq qalmaqalı ilə çalxalandı. Təbii ki, bu qalmaqal, orduya münasibətə də çox ciddi təsir etdi.

Azərbaycanda bəlkə də ən ağır söyüş “ermənisən!”, “erməniyə işləyənsən!” sözləridir. Təsəvvür edin ki, orduda onlarla şəxs düşmənə casusluq ittihamı ilə həbs edildi. Hətta istintaqın gedişində öldürülənlər də oldu. Maraqlıdır ki, öldürülənlərin hamısının evinə sonradan günahsız olmaları barədə məktub göndərildi, 11 min manat da “qan pulu” – kompensasiya ödənildi.

Gəlin, baş verən həmin prosesə bir də yaxından baxaq. Saxlanılanlar, ittiham edilənlər və onların vəkilləri ilə söhbət zamanı məlum olur ki, əslində, casusluğun miqyası göstərilən qədər geniş olmayıb. Hərbi prokurorluğun müstəntiqləri şübhəli kimi saxlanılanlardan başqa digərlərinin də adlarını istəyiblər. Şübhəlilərdən alınan adlarsa, pul mənbəyi olub.

Təsəvvür edirsiniz, 400-dən çox şəxs istintaqa cəlb olunub, ancaq onların böyük əksəriyyəti yüksək məbləğdə rüşvət alındıqdan sonra buraxılıb. Təbii ki, bütün bunların hamısından Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin xəbəri olub, bəlkə də bütün bunlar elə onun nəzarəti altında baş verib. Yox, əgər xəbərsizdirsə, deməli, işçilərinə nəzarət edə bilmir, onların törətdikləri əməllərdən xəbərsiz olmaq isə heç bir rəhbər şəxsə baş ucalığı gətirən hal deyil.

İndi isə sonra baş verən proseslərə gələk. Müharibədən öncə hərbçilərimizin ayıq-sayıqlığı nəticəsində erməni diversiya qrupu zərərsizləşdirilmiş, qrupun komandiri tutulmuşdu. Bu hadisədən bir qədər sonra həmin diversantı tutub, videoyaya çəkənlər cəzalandırıldı. Onlar barəsində cinayət işi açıldı. Diversantı tutanlara təşəkkür etmək yerinə, ayıq-sayıq olduqlarına görə minnətdarlıq etmək əvəzinə, onlar istintaqa cəlb edildilər.

Keçək, müharibəyə və ondan sonrakı proseslərə: əsir düşən ermənilərlərlə “kobud davranışa” görə çox sayda cinayət işi açılıb. Hərbi prokurorluq hər şeyi düz edirmiş kimi, onlarla qanun çərçivəsində davranır. Sual olunur, o əsgərlərin psixoloji durumu nəzərə alınıbmı? Hərbi prokurorluq açıqdan-açığa əlinə düşən hərbçilərin dərisini boğazından çıxarmaqla məşğuldur.

Yenə sual doğur. Ermənistanın hərbi prokurorluğu yoxdur? Bəs onlar niyə bizim əsirlərə zülm etdiklərinə görə öz hərbçilərini həbs etmirlər, meyitlərimizi təhqir edən cəlladlarını cəzalandırmırlar? Xanlar Vəliyev bu davranışların qanun çərçivəsində aparıldığını deyə bilər və bəlkə də haqlı olar. Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları əsas götürülür.

Yəni KİV-də gedən informasiya cinayət işinin başlamasına əsasdır. Onda yenə ortaya sual çıxır: bu günə qədər hərbi məmurlarla bağlı mətbuatda onlarca faktlar yazılıb, sübutlar ortaya qoyulub, bəs Xanlar Vəliyev bunları niyə əsas götürüb cinayət işi başlatmır? Nəcməddin Sadıkovun əməlləri barədə mediada onlarla fakt yazılıb, bəs niyə ölçü götürülməyib?

Məncə, Xanlar Vəliyev cinayət işi başlamamaqla kimə və nəyə xidmət etdiyini göstərir. Şəmkir korpusunun komandiri, Ali Baş Komandana məruzə edərkən ad və soyadını dəyişik salan Xaqani Cəbrayılovun ləqəbi “fermer” idi. Bəs Xanlar Vəliyev niyə bu günə qədər bu məsələni araşdırmayıb? Gərək onlarla gənc şəhid olaydı, ondan sonra Xaqani Cəbrayılovu vəzifəsindən götürəydilər? Hansısa MAXE-yə, gizirə, adamı, pulu olmayan zabitə cinayət işi açmağa nə var ki…

İndi isə keçək Xanlar Vəliyevin menyusuna: Müharibə vaxtı Müdafiə Nazirliyinin təminatında ciddi problemlər yaranmışdı. Xalq əlini daşın altına qoymasaydı, sözün əsl mənasında biabırçılıq olacaqdı. Orduda, həm də savaşan ordu zirehli gödəkcə və dəbilqə çatışmazlığı var idi. Xalqın əsgərlərimizə çatdırdığı yardımları isə bəzi generallar basıb yeyirdi.

Cəbhənin müəyyən istiqamətlərində müdafiə xətti demək olar, yox vəziyyətində idi. Zəhmət olmasa, top mərmilərinin sayını da araşdırsınlar. Xanlar Vəliyevin cinayət işi başlaması üçün bu faktlar kifayət edər və hətta artar da. Arzusu, istəyi olsa, əlbəttə ki….

Onlarla fakt saya bilərəm, amma blirəm ki, yazmağın heç bir anlamı yoxdur, yoxsa bu siyahını çox uzadardım. İstəyən, bu dövləti, xalqı düşünən bir prokuror çoxdan bunlarla məşğul olardı. Bu yazdıqlarım hansısa leytenantın, mayorun, adamsız birinin törətdikləri deyil axı, bunları araşdırmaq olmaz.

Sonda isə Xanlar Vəliyev, xəbəriniz olsun ki, müstəntiqləriniz döyüşmüş, qan tökmüş hərbçiləri artıq boğaza yığıblar. Bu yetim-yesirdən əl çəkin. Məzlumun zalımı olmağa nə var ki, zalımın zalımı olmaq cəsarət tələb edir. Həm də yağlı tikə sadaladıqlarımızdadır, cəsarətiniz çatırsa, buyurun yeyin, sizindir…

Səxavət Məmməd

COP29