Xaqani Səfəroğlu: “Media savadlılığı dezinformasiyanın tələsinə düşməməyə kömək edir”

“Media savadlılığı insanlara dezinformasiyanın tələsinə düşməməyə kömək edir. Bu, çoxlu sayda mənbələrdən yayılan sürətli və əlçatan məlumatlarla əhatə olunduğumuz indiki zamanda xüsusilə vacibdir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azpost.info saytının baş redaktoru Xaqani Səfəroğlu deyib.

O, media savadlılığının təmin edilməsi üçün çıxış yollarını göstərib:

“Sosial medianın informasiya yayımında ciddi faktora çevrilməsi nəticəsində düzgün məlumatların çatdırılması mühüm məsələyə çevrilib. İndiki zamanda bu platforma üzərindən manipulyasiya və yalan məlumatların yayılması geniş yayılıb. Media savadlılığı təqdim olunan məlumatları analiz edə bilmək, mediadan düzgün istifadə etmək bacarığıdır. Media savadlılığı olan insan internetdən televiziyaya qədər müxtəlif media növlərindən sərbəst şəkildə istifadə edir və onların necə işlədiyini başa düşür, müxtəlif mənbələrdən gələn mesajları tənqidi qiymətləndirir və bu mesajları müstəqil şəkildə digər insanlara çatdıra bilir. Media savadlılığı həm də onlayn gördüyümüz işlərin nəticələrini anlamaqdan ibarətdir”.

Onun sözlərinə görə, informasiya savadlılığı jurnalist üçün vacib məsələdir:

“Biz hər gün çoxlu məlumatlar alırıq. Saytlardan, teleqram kanallarından xəbərlər yayılır, kimlərsə başqa ölkələrdən sosial şəbəkələrdə xəbər paylaşır. Bu, onlara informasiya ilə işləyərkən mənbəyini, zəruri mesajlarını anlamağa yardım edir. Həmçinin data biliklərinin formalaşmasında izini qoyur, internet platformalarında “feyk” xəbərləri müəyyən etməyə imkan verir. Bunlardan hansının doğru olduğunu ayırd etmək olduqca çətindir. Bunun üçün media savadlılığı anlayışı vacib açar kimi çıxış edir”.

“Xüsusilə redaktorların bununla bağlı savadlı olması vacib məsələdir. Jurnalistika fakültəsini yeni bitirən və hələ təcrübəsi olmayan jurnalist informasiyada yanlışlıq edə bilər. Əgər redaktorlar bu məsələdə diqqətli olmasalar, ciddi problemlər yaranacaq. Jurnalist öz üzərində daim çalışmalıdır. Məlumatı saxta və ya həqiqət olduğunu internetdə axtarıb tapmaq olar. Məzmunu təhlil etməyi bilən insan üçün yalanı həqiqətdən ayırması daha asan olacaq”.

Cəvahir