Xaricdə işə düzəltmək adı ilə aldadılanların sayının artması: Vətəndaşlar nə etməlidirlər?

Son dövrlər sosial şəbəkələrdə vətəndaşların xaricdə işə düzəlmək adı ilə aldadılmasına çox sıx rast gəlinir.

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Yenicag.az-a açıqlamasında bildirib ki, vətəndaşlar aldadılmamaq istəmirlərsə, ölkəni tərk edən zaman Dövlət Miqrasiya Xidmətinə və digər müvafiq qurumlara məlumat verməlidirlər:

“Ötən il xaricdə işə düzəltmək adı ilə vətəndaşların aldadılması üzrə 95 fakt nəzərə alınıb. Bu faktın 94-ü məhz qadınlarla bağlıdır. Həmin qadınlardan 74 nəfəri Türkiyəyə, 12 nəfəri Rusiyaya, 7 nəfər isə İrana aparılıb. Cəmi 1 qadın ölkə daxilində aldadılıb. Bu statistika sırf qeydə alınan rəsmi faktlardır. Qeyri-rəsmi faktlar isə olduqca çoxdur. Bu baxımdan, iş və ya biznes qurmaq adı ilə xaricə gedənlər ehtiyatlı olmalıdırlar. Vətəndaş xaricə getmədən öncə dövlət qurumları, səfirliklər vasitəsilə məsələni araşdırmalı və onlara məlumat verməlidir. Çünki məlumat verilmədikdə dövlət vətəndaşın harada olduğunu bilmir. Ona görə də vətəndaş öz təhlükəsizliyinin təminatı üçün, xüsusilə getdiyi şirkətlə bağlı məlumatı qurumlarla paylaşmalıdır. Təəssüf ki, dünyada orqan ticarəti genişlənməkdə davam edir. Əgər dünyada qlobal təsirlər daha da intensivləşərsə, bu təhlükə Azərbaycanda da mövcud ola bilər”.

Qeyd edək ki, sözügedən elanlarla bağlı Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 60-cı maddəsinə əsasən, xarici ölkələrdə işə düzəlmək məqsədi ilə Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyata alınmasını, bununla bağlı elan və reklamların verilməsini yalnız müvafiq vasitəçilik fəaliyyətini həyata keçirmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə bilərlər. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilməsi ilə bağlı kütləvi informasiya vasitələrində doğru olmayan məlumatların yayılmasına görə hüquqi şəxslər qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Məcəllənin 59-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş hüquqi şəxslər Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik edə bilərlər. Hüquqi şəxslər bu sahədə fəaliyyət göstərmək üçün müvafiq icra hakimiyyəti orqanından müəyyən olunmuş qaydada xüsusi razılıq almalıdırlar. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində fiziki şəxslərin vasitəçilik fəaliyyəti qadağandır.

Gülşən Şərif