“Xaricdə təhsil alıb qayıdanlar bizim məzunlardan daha savadlı deyil” – VİDEO

“Avropada təhsil alanlar isə başqa dəyərlərin hakim olduğu mühitdə formalaşırlar”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son zamanlar müxtəlif vəzifələrə təyinat zamanı xarici universitetlərin məzunlarına üstünlük verilməsinə münasibət bildirən təhsil eksperti Kamran Əsədov deyib.

Kamran Əsədov bildirib ki, vəzifələrə təyinat zamanı xarici universitet məzunlarına üstünlük verilməsində təhsilin keyfiyyəti ön plana çıxmır:

“Əminliklə deyə bilərəm ki, hətta bölgələrimizdəki universitetlərin məzunu olmuş mütəxəssislərimiz öz bilik və bacarıqları, hadisələrə münasibəti baxımından, Avropanın ən yüksək səviyyəli universitetlərini bitirmiş kadrlardan geri qalmırlar.

Burada əsas məsələ onların psixoloji hazırlığı və dayanıqlığıdır. Xarici universitetlərin məzunları təhsil aldıqları müddətdə neqativ hallarla rastlaşmayıblar, məcburiyyətdən əziyyət çəkməyiblər.

Məsələn, mən universitet illərimdə gecə-gündüz oxuyurdum, kitabxanadan çıxmırdım, nəticədə imtahanlardan 5 alırdım. Ancaq kimlərsə rüşvət hesabına qiymət alırdı. Yəni biliyin qiymətləndirilməsində kənar müdaxilələrin olduğunu görürdüm. Lakin xaricdə təhsil alan tələbələr belə hallarla qarşılaşmırlar.

Xaricdə təhsil almış kadrların vəzifələrə gətirilməsi onların bizdən daha savadlı və hazırlıqlı olması anlamına gəlmir. Azərbaycanda təhsil alanlar “day-day” hesabına qiymət yazıldığını, kimlərinsə rüşvətlə vəzifəyə getdiyini görürlər.

Avropada təhsil alanlar isə başqa dəyərlərin hakim olduğu mühitdə formalaşırlar. Məsələn, Fransada təhsil alan bir tələbəmiz o ölkənin təhsil nazirinin işdən sonra içkili vəziyyətdə yüksək sürətlə maşın sürdüyü üçün istefaya göndərildiyinə şahid olur.

Azərbaycanda nə məmurların, nə də onların övladlarının əksəriyyəti cəmiyyətə nümunə ola bilmirlər. Bu və digər məqamlar əsas götürülərək, vəzifələrə təyinat zamanı xaricdə təhsil alanlara üstünlük verirlər”.

Səxavət Məmməd