Xaricdə təhsillə bağlı Dövlət Proqramında bu yeniliklər edildi – VİDEO

Xaricdə təhsil üzrə Dövlət Proqramı ilə təhsil alacaq gənclərin sayı artırılaraq 400 nəfərdən 500-ə çatdırılıb.

Yenicag.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncama edilən dəyişiklikdə əksini tapıb.

Sərəncama əsasən, Dövlət Proqramının icrası müddətində hər il 500 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.

Mövzu ilə bağlı keçirilən brifinqdə danışan elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli deyib ki, dəyişikliklə xaricdə təhsil üzrə Dövlət Proqramının müddəti uzadılaraq 2022-2028-ci illər olaraq müəyyən edilib.

Həmçinin xaricdə təhsil üzrə Dövlət Proqramında edilən dəyişikliyə əsasən, bu proqram ali təhsilin doktorantura səviyyəsini də əhatə edəcək.

Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” il ərzində təqribən 100 nəfər gəncin doktorantura təhsilini də maliyyələşdirirdi. Artıq bu proqram başa çatıb. Lakin sosial sifarişlər davam edir. Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nda dəyişikliyə əsasən, növbəti ildən gənclərin xaricdə doktorantura təhsili də maliyyələşdiriləcək.

Xaricdə təhsil üzrə Dövlət Proqramının İdarəetmə qrupunun rəhbəri Turan Topalova bildirib ki, 2024-2025-ci tədris ili üzrə 295 gənc xaricdə təhsil almaq imkanı qazanıb. O qeyd edib ki, dünyanın 15 ölkəsinin 85 nüfuzlu ali təhsil müəssisəsində 500 nəfər təhsil alacaq.

Daha ətraflı videoda:

COP29