Bir vaxtlar məmurlar müxalifət qəzetlərində tənqid olunmaqları ilə öyünürdülər.
Bəzi məlumatlara görə, yuxarı rəhbərlikdə də bu kimi məmurlara münasibət fərqli idi: “Yaxşı işləyir ki, müxalifətin qıcığına səbəb olur”. Müxalifət qəzetlərinin səhifələrində tənqid obyekti olmaq üçün bəziləri hətta “görüm-baxım” da edirdilər…
Maraqlı bir “alqoritm” yaranmışdı – tənqid yaxşı işin göstəricisi sayılırdı. Sosial şəbəkələrin olmaması, ictimai rəy sorğuları ənənəsinin formalaşmaması səbəbindən qəzetlərdə çap olunan tənqid və təriflərin ictimai rəyə necə təsir göstərdiyini və ya onu necə əks etdirdiyini demək çətin idi.
Bəlkə də, belə bir “alqoritm”in yaranmasının əsas səbəbi də elə bu idi – “qəzetdə çıxan tənqidlər (təriflər) ictimai rəyi deyil, qəzet sahiblərinin maraqlarını əks etdirir”. Həqiqətən də, bəzən tənqid və təriflərin səbəbi məmurun hansısa redaktorun şəxsi “xahiş” və ya “xahişlər”inə göstərdiyi münasibətlə birbaşa əlaqəli olurdu…
İndi vəziyyət tam fərqlidir. Tənqid və təriflərin ictimai rəyi necə əks etdirdiyini görmək üçün sosial şəbəkələrə elə yüngülvari nəzər yetirmək kifayət edir (daha ciddi və dəqiq məlumat almaq üçün, əlbəttə ki, dərin araşdırmalar aparılmalıdır). Demək olar ki, əksər KİV-in sosial profilləri var və yazılar orada yerləşdirilir.
Sosial profildəki paylaşımın şərh bölməsində qeyri-obyektiv tənqidə də, tərifə də istifadəçilər öz rəylərini bildirirlər. Yəni artıq bu kimi yazıların ictimai rəydə inikasını görmək elə də çətin deyil. Bəzi mütəxəssislər etiraz edə bilər ki, şərh bölümündəki rəylər ictimai rəyi deyil, aktiv istifadəçilərin rəyini göstərir. Razıyam, lakin nəzərə alınmalıdır ki, ictimai rəyi də elə aktiv istifadəçilər formalaşdırır.
Rəy yazmağa adət etməyən passiv istifadəçilərin əksəriyyəti məlumatsız olduğu hər hansı bir hadisə və ya şəxslə bağlı təsəvvürü sosial şəbəkələrdəki yazılardan və… yazılan şəhlərdən formalaşdırırlar…
Artıq neçə ildir yüksək vəzifələrə təyin olunan gənc kadrları diqqətlə müşahidə edirəm. Böyük əksəriyyətinin bir problemi var – o da ictimai rəy qarşısında aciz qalmalarıdır. Gördükləri işdən asılı olmayaraq ictimai rəydə obrazları düzəlmir ki, düzəlmir.
İki il bundan əvvəl nazirlərdən birinin müşaviri işgüzar söhbətimiz zamanı gileylənirdi ki, nazir gecə 11-12-yə qədər iş yerini tərk etmir, əlindən gələni edir, amma KİV və sosial şəbəkələrdə ona qarşı hücumlar səngimək bilmir və, dərhal da bunun “səbəbləri”ni də açıqladı –jurnalistlərin qeyri-professionallığı, əhalinin gördüyümüz nəcib işləri anlamaması və s.
Həmsöhbətimin fikrinə görə, səbəblərin hamısı subyektiv xarakter daşıyır, yaranmış vəziyyətdə nazirliyin heç bir günahı yoxdur. Bu yanaşmanın vacib məqamı müşavirin yanlış səbəblər göstərməsi deyil. Vacib məqam odur ki, bu səbəbləri nazirliyin rəhbərliyi də bölüşür – müşavir, əlbəttə ki, nazirlə bu kimi məsələləri müzakirə edir və mənə dedikləri də formalaşmış ortaq mövqenin tezisləridir.
Göründüyü kimi, nazirliyin rəhbərliyi özləri üçün “lokal komfort informasiya zonası” yaradıblar, yaranan bütün problemlərin səbəblərini də kənarda görməklə işi bitmiş hesab edirlər. Şübhəniz olmasın ki, həmin nazir yuxarı rəhbərliyə hesabat verəndə də bu dəlilləri arqument gətirir və onlar qəbul olunur. Çünki “lokal komfort informasiya zonası” tək misal çəkdiyim nazirlikdə deyil, demək olar ki, bütün dövlət qurumlarında mövcuddur.
“Lokal komfort informasiya zonası”nın əsas stereotipləri – mövcud problemlərin səbəbi biz deyilik, onları həll etmək mümkün deyil, biz işlərimizi yaxşı görürük… Hər bir fövqəladə vəziyyət yaranan zaman “lokal komfort informasiya zonası”nı formalaşdıran başbilənlər toplaşır, müzakirə aparırlar və sonda yenidən yuxarıda qeyd etdiyim nəticəyə gəlirlər – “mövcud problemlərin səbəbi biz deyilik, onları həll etmək mümkün deyil, biz işlərimizi yaxşı görürük”…
Əsas problem isə ondan ibarətdir ki, müşahidə etdiyim gənc kadrların əksəriyyəti xarici təhsil diplomlarına sahib olsalar da, fərqli fikirlər dinləməyə maraqlı deyillər. Başa düşürəm, nazirlikdə kim risk edib həqiqətləri çılpaqlığı ilə nazirə deyər ki…
Lakin, bunun üçün kənar ekspertlər institutu mövcuddur, ən azı, onlardan üçünü-beşini dəvət edib problemlərə fərqli bucaqdan baxmaq şansı da əldə etmək olar. Bu edilmir, ekspertlər özləri də müraciət edəndə müraciətləri göydən asılı vəziyyətdə qalır…
Yekunda bir neçə məqamı xüsusilə qeyd edim: İctimai rəydəki obraz heç zaman boş yerə yaranmır – onu ya özün yaradırsan, özün yaratmayanda onu başqaları yaradır; Əgər vaxtı ilə bu işin üstünə düşməmisənsə və barəndə mənfi rəy formalaşıbsa, onu dəyişmək çətin olsa da, mümkündür;
Yüksək ranqlı məmurun mənfi obrazı onu bu vəzifəyə təyin edən şəxsin obrazına birbaşa olaraq neqativ yük qatır və indi də olmasa, bir müddətdən sonra mənfi obrazlı məmurlar məhz bu səbəbdən başqaları ilə əvəzlənəcək.
Vəli Əlibəyov,
Siyasi Texnologiyalar Mərkəzinin prezidenti