21 mart 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov İslamabadda keçiriləcək İƏT Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasında iştirak etmək üçün Pakistana səfəri çərçivəsində Pakistanın müdafiə istehsalı naziri, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyanın həmsədri xanım Zubeyda Cəlal ilə görüşüb.
Yenicag.az xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Elnur Məmmədov cari ilin iyun ayında Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunacağını və bu münasibətlə silsilə tədbirlərin keçiriləcəyini bildirib.
Azərbaycan – Pakistan səmimi münasibətlərindən bəhs edən nazir müavini əlaqələrimizin bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf etməsində hər iki ölkə rəhbərliyinin rolunu xüsusi vurğulayıb. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə aparılan işlər, xüsusilə, Hökümətlərarası Birgə Komissiyanın fəaliyyətini, birgə işçi qruplarının iclasları və birbaşa uçuşların əhəmiyyəti diqqətə çatdırılıb.
Pakistanın müdafiə istehsalı naziri, Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyanın həmsədri xanım Zubeyda Cəlal 2021-ci ildə keçirilmiş Hökumətlərarası Birgə Komissiyanın 7-ci iclası ilə bağlı Azərbaycana səfər etdiyini xatırlayıb, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. Azərbaycan – Pakistan arasındakı yüksək səviyyəli münasibətlərdən söz açan xanım Zubeyda Cəlal bütün sahələr üzrə əlaqələrimizin bundan sonra da genişləndiriləcəyini əminliklə bildirib.
Eyni gündə Elnur Məmmədov İndoneziya xarici işlər nazirinin müavini Abdul Kadir Jailani ilə də görüşüb.
Görüş zamanı Elnur Məmmədov Azərbaycan – İndoneziya münasibətlərindən söz açıb və 44 günlük Vətən müharibəsi zamanı ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə İndoneziya Hökumətinə təşəkkürünü ifadə edib. E.Məmmədov ikitərəfli münasibətlərin bütün sahələr üzrə daha da inkişafının, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
İndoneziya xarici işlər nazirinin müavini Abdul Kadir Jailani iki ölkə arasındakı münasibətlərə toxunub və ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib. Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini də vurğulayan nazir müavini bu münasibətlə Azərbaycan Hökumətini təbrik edib.
Görüşdə tərəflər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.