Xarici ölkələrdə “Sinovac” vaksin pasportu qəbul olunmayacaq? – Tibb ekspertindən vacib AÇIQLAMA

“Pasportların alveri və qanunsuz şəkildə verilməsi ilə bağlı məsələlərin gündəmdə olması ehtimalı yüksəkdir”.

Operativ Qərargahın son qərarlarına əsasən, iyulun 1-dən etibarən idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edən şəxslərdən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələb olunacaq. Pasport tələbinin gələcəkdə digər sahələrə də şamil olunacağı bildirilir. Bu qərar isə cəmiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, vaksinin könüllü olması fonunda pasport tələbinin ortaya çıxması müəyyən çaşqınlıq yaradıb.

Mövzu ilə bağlı tibb eksperti Rasif Bağırov Yenicag.az-a açıqlamasında bildirib ki, COVİD-19 pasportunun verilməsi ilə bağlı məsələdə güclü nəzarətin olmayacağı və qeyri-qanuni əməllərə yol verilməsi gözləniləndir:

“Koronavirus infeksiyasına görə pasportun tələb olunması onu göstərir ki, ölkədə aparılan vaksinasiya prosesi müəyyən mənada məcburi xarakterlidir. Halbuki vaksin vurulmasının könüllü olduğu bildirilmişdi. Pasportun olmadığı müəyyən obyektlərə daxil olmağa icazə verilməməsi könüllülük prinsipinin olmadığını göstərir. Digər tərəfdən, pasport məsələsində Azərbaycan reallıqları özünü büruzə verəcək. Pasportların alveri və qanunsuz şəkildə verilməsi ilə bağlı məsələlərin gündəmdə olması ehtimalı yüksəkdir. Hər hansısa obyektə giriş və ya çıxışın edilməsi dövlət orqanları tərəfindən daim nəzarətdə saxlanmayacaq. Ona görə də pasportun saxta şəkildə verilməsi hansısa narahatlıq yaratmayacaq. Sadəcə olaraq həmin pasportla xarici ölkələrə səfər etmək mümkün olmayacaq. Çünki xarici ölkələrdə “Sinovac” vaksini vurulan pasport qəbul olunmayacaq. Ölkədaxilində isə saxtakarlığa yol verilməməsinə nəzarət etmək çətin olacaq”.

Gülşən Şərif