Dövlət Təhlükəsizlik Xidməti sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib.
Bildirilir ki, qurumun adından və loqotipindən istifadə etməklə sosial şəbəkələrdə saxta səhifə, kanal, profillərin yaradılması, işlədilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
Ekspertlərin sözlərinə görə, son zamanlar bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən dövlət qurumlarının səhifələrinin, profillərininin yaradılmısı kimi hallar artıb. Bəzən bu cür profillər, səhifələr xoş niyyətli olur. Həmin dövlət qurumu barədə normal, həqiqəti əks etdirən informasiyalar paylaşılır. Amma bəzən də əksinə.
Yenicag.azxəbər verir ki, ekspert Osman Gündüz məsələ ilə bağlı açıqlamasında bildirib: “Dövlət qurumlarının adından səhiflələr, profillər yaradılır, onların emblemləri, sloqanları, loqoları qoyulur. Onların adından açıqlamalar verilir. Sanki onların bir bəyanatı, press-relizi cəmiyyət üçün açıqlaması kimi verilir. Burda artıq cinayət tərkibi var”.
Bir müddət əvvəl Dövlət İmtahan Mərkəzi də belə bir halla üzləşmişdi. Müəyyən şəxslər sosial şəbəkədə mərkəzin loqotipindən istifadə etməklə açdıqları səhifələr vasitəsilə istifadəçiləri yalan məlumatlarla aldatmağa cəhd göstərmişdilər. Amma çox keçmədi ki, imtahan mərkəzinin rəsmiləri bundan xəbər tutdu və müvafiq tədbirlər görüldü.
DİM-in Sektor müdiri Xanlar Xanlarzadə: “Həmin sosial şəbəkə istifadəçiləri dövlət imtahan mərkəzinin adından və loqotipindən istifadə edirlər. DİM-in press-relizlərindən istifadə etməklə, müəyyən məlumatlar paylaşırlar, daha sonra isə istifadəçilərin suallarını cavablandırırlar.
Millət vəkili Azər Badamov: “Dövlət qurumları adından sosial şəbəkələrdə məlumat yayırlarsa, onların məqsədi var. Bu təxribat xarakterli məqsədlərdir. Və onların qarşısı ciddi şəkildə alınmalıdır”.
Hər hansı bir dövlət qurumuna məxsus əmtəə nişanlarından qanunsuz istifadə etməyə yol vermiş şəxslər məsuliyyətə cəlb olunur.
Vəkil Tahir Əlirzayev: “Cinayət məcəlləsinin 310-cu maddəsində vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi maddəsinə əsasən həmin cinayət əməlini törətmiş şəxsi 1500 manat cərimə, 3000 manata qədər 2 ilədək islah işləri və eyni zamanda 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur”.
Hazırda sosial şəbəkələrdə bu cür saxta profil və səhifələrin aşkarlanıb, silinməsi çox rahatdır.
Ekspert Osman Gündüz : “Bu yaxınlarda facebook ciddi təmizləmə işi apardı. Onların artıq robotları var, alqoritmləri var ki, hansı səhifə saxtadır. Bunlar müəyyən edə bilirlər və dərhal silə bilirlər”.
Mütəxəssislər bu cür saxta səhifə və profillə qarşılaşan şəxslərə öncə sosial media resurslarının özünün administrasiyasına müraciət etməyi məsləhət görür. Növbəti addımda isə hüquq mühafizə orqanlarına müraciət edilməlidir. Bunu etməklə sosial şəbəkədə saxta profil və səhifə açan şəxslərin saxta niyyətinin qarşısını almaq olar.