Xəstə-həkim münasibətindəki İNAMSIZLIĞIN yaratdığı UÇURUM: “Bir gün əvvəl əməliyyatdan imtina edirsə,..” – Həkimdən ETİRAZ

“Qarşılıqlı inamın formalaşmasında və səhiyyə sisteminə inamın qaytarılmasında olan ən vacib amil aparılan tibbi ekspertizalardır”.

Yenicag.az xəbər verir ki, bu sözləri həkim-xəstə münasibətlərindəki boşluqları dəyərləndirən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının Diaqnostik və İnvaziv Radiologiya İnstitutunun şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, səhiyyə sisteminin inkişafı üçün öncəliklə xəstə-həkim münasibətlərindəki ikitərəfli inamsızlıq aradan qaldırılmalıdır:

“İnamsızlıq olan yerdə inkişaf mümkünsüzdür.
İnama bir gün sonra böyük qaraciyər əməliyyatına girəcək xəstənin əməliyyatdan elə bir gün əvvəl kiminsə fikri ilə ondan imtina edib, ölkədən xaricə üz tutmağından, uşaq həkimi axtaran valideynin sistemin ona təklif etdiyi deyil, qonşusunun “tanıdığı” həkimə getməyindən və ya həkimin xəstəni “əməliyyatda ağırlaşma olarsa, onu şikayət edər” deyə əməliyyat etməməyindən baxmalıyıq. Ümumiyyətlə, qarşılıqlı inamın formalaşmasında və səhiyyə sisteminə inamın qaytarılmasında olan ən vacib amil aparılan tibbi ekspertizalardır. Daha doğrusu, onların doğruluğu və elmi əsaslı olmasıdır. Bu sahədə olan boşluqların doldurulması pozitiv istiqamətdə inkişafın başlanğıcı ola bilər.

Səhiyyənin inkişafı və inamın qazanılması xəstəyə bir neçə gün əvvəldən onda icra ediləcək əməliyyatın ağırlaşmasını izah etməkdən başlamır. Həkim insandır. Səhv etməməsi mümkünsüzdür, sadəcə törədilən səhvin ciddi ağırlaşmaya səbəb olmaması üçün nəzarət mexanizmləri qurulmalıdır və bunlar yüksək səviyyədə olmalıdır. Tibb sahəsi yüksək inkişaf etmiş ölkələrdə səhiyyə sistemləri ilk növbədə, ona olan inam və elmi əsaslı tibbi protokollara əsaslanaraq idarə olunur. İnamı qaytarmaq bizim birinci işimiz olmalıdır. Bilirəm çətindir, amma mümkündür”.

Gülşən Şərif