Xəstənin yaxınlarından əlavə ÖDƏNİŞ TƏLƏBİ: “Tibb müəssisəsi bu işin öhdəsindən gələ bilmirsə…”

“Onsuz da xəstənin dərmanlarının alınmasına, digər müalicə prosedurlarının icrasına xeyli pul sərf olunur”.

Bu fikirləri səhiyyə müəssisələrində xəstənin yanında qalmasına görə müalicə olunan şəxslərin yaxınlarından əlavə vəsaitin alınmasına dair qərara münasibət bildirən həkim-terapevt Rasif Bağırov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, xəstə yaxınlarından gündəlik 11 manat məbləğində vəsaitin alınması düzgün yanaşma deyil:

“Xəstə yaxınlarından 11 manat məbləğində vəsaitin alınması düzgün yanaşma deyil. Bu yolla hökümət üçün əlavə gəlir mənbəyinin tapıldığı zənn edilir. Lakin hökumətin büdcəyə daxil olan vəsaitlərin həcmini artırmaq üçün imkanları o qədər məhdudlaşmayıb ki, xəstələrin yanında qalmalı olan yaxınlarından gündəlik olaraq 11 manat ödəniş tələb edilsin.

Belə qərarlar insanların düşüncəsində hökumət haqqında mənfi fikir formalaşdıra bilər. Yaxınlarının xəstənin yanında mimunim 10 gün qaldıqlarını nəzərə alsaq, bu, 110 manat təşkil edir. Onsuz da xəstənin dərmanlarının alınmasına, digər müalicə prosedurlarının icrasına xeyli pul sərf olunur. Xəstələr və onların yaxınları bu qədər əziyyət çəkdiyi halda, onların əlavə xərcə salınması nə qədər doğrudur?

Digər tərəfdən, tibb müəssisələrində elə şərait qurulmalı, xəstəxananın rəhbərliyi və personalı tərəfindən xəstəyə yüksək səviyyədə diqqət göstərilməlidir ki, onların yaxınlarının xəstəxanada qalmasına ehtiyac olmasın. Əgər tibb müəssisəsi bu işin öhdəsindən gələ bilmirsə, xəstə yaxınlarının məcburiyyətdən orada qalıb ona yardımçı olmaları üçün niyə əlavə pul ödənilməlidir? Yenə deyirəm, belə bir qərarın qəbul edilməsi doğru deyil”.

İsmayıl Bakuvi

COP29