!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəstəxanadan çıxan Elçin: "Bakıya gələndən bir-iki gün sonra Əkrəmə zəng elədim"

!Reklam – Yazi

“Vaxta görə, yaşa görə Anarla əvvəlki kimi tez-tez görüşmək mümkün olmasa da, cürbəcür tədbirlərdən-filandan başqa, ayda bir-iki dəfə zəngləşib, ikilikdə nahar edirik, söhbətləşirik. Neçə ildir ki, belə bir ənənə yaranıb. Mənim üçün çox xoş bir ənənədir. Təbii ki, Anar xəstəxanaya da tez-tez zəng edirdi, narahat idi, nigaran idi”. 

Yenicag.az xəbər verir ki, bunu Kulis.az-a müsahibəsində Xalq yazıçısı Elçin deyib. Türkiyədə aldığı müalicədən danışan yazıçı ora üç-dörd günlük müddətə, sadə bir əməliyyat üçün getdiyini, lakin qanında yaranan problemlə əlaqədar bunun qırx səkkiz gün çəkdiyini qeyd edib.

Elçin xəstəxanada qaldığı günlərdə dostlarının tez-tez yadına düşdüyünü bildirib: “Əkrəmə Əylisli ilə bağlı bir söz deyim. O ay yarım ki, xəstəxanada qaldım, Əkrəm də yadıma düşürdü. Doğrusu, o anlarda onun indiki tənhalığı mənə pis təsir edirdi. Son zamanlar elə Bakıda da onunla bağlı belə bir hiss keçirirdim. Uzun sözün qısası, Bakıya gələndən bir-iki gün sonra Əkrəmə zəng elədim. Neçə illər idi ki, onunla hal-əhval tutmurduq, görüşmürdük, danışmırdıq. Ünsiyyətimiz yox idi. Xeyli söhbət etdik. Cavanlıq vaxtlarını yada saldıq, 1960-cı illərin ikinci yarısı, 70-ci illər…. Uşaqlardan, nəvələrdən danışdıq. Yazı-pozudan danışdıq. Düzünü deyim ki, elə bil, mənim çiynimdən hansısa bir yük götürüldü. Bu səmimi bir söhbət idi. Məndə xoş bir əhval, xoş bir ovqat yaratdı. Mənə elə gəlir ki, Əkrəm üçün də bu zəngləşmə, bu söhbət xoş bir hadisə oldu. Yəqin, səhv etmirəm”.

Xalq yazıçısı “Yüksək dövlət vəzifəsindəki bu iyirmi beş il yazıçı Elçinin yaradıcılığına necə təsir etdi?” sualına belə cavab verib: “Mənə tez-tez bu sualı verirlər. Mən də eyni cavabı verirəm. Sırf vaxt baxımından hərdən problem olurdu. Amma mahiyyət etibarilə problem olmayıb. Əksinə, yaradıcılıqla fəaliyyət bir-birini tamamlayıb. Bu mənada ki, o iyirmi beş ildə mən nə qədər insan taleyi ilə rastlaşmışam. Nə qədər sevinc də, kədər də görmüşəm. Nə qədər xoşbəxtliyin də, bədbəxtliyin də şahidi olmuşam. Ədəbiyyat da kimdən yazır və kim üçün yazır? Əlbəttə, insandan və insan üçün. Mən müstəqil Azərbaycan dövlətinin quruculuğunu, çox ciddi çətinliklərə sinə gərməsini, möhkəmlənməsini, dünya birliyi arasında get-gedə artan bir mötəbərliklə öz yerini tutmasını kənardan müşahidə etməmişəm. Mən bu tarixi prosesin iştirakçısı olmuşam, öz səlahiyyətlərim daxilində əlimdən gələni etmişəm.Yeri gəlmişkən deyim ki, Artur Rasizadə də xəstəxana günlərində tez-tez zəng edirdi, dəstək verirdi, bu qırx səkkiz gün uzunluğunu arada bir zarafata da salırdı…”

www.yenicag.az

1203
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv