Aprelin 18-da 149 nömrəli tam orta məktəbdə özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 15 şagirddən 13-ü müvafiq müayinə və tibbi prosedurlardan sonra evə buraxılıb.
Bu barədə Yenicag.az-a Bakı şəhəri 149 saylı orta məktəbdən məlumat verilib.
Bildirilib ki, digər 2 şagirdin vəziyyəti qənaətbəxşdir.
***
Bakı şəhəri 149 saylı orta məktəbdə şagirdlərin səhhətində yaranan narahatlıqla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.
TƏBİB-dən Yenicag.az-a bildirilib ki, təcili tibbi yardım briqadaları çağrış ünvanına cəlb edilib:
“Təcili tibbi yardım briqadaları tərəfindən 15 məktəbli (8-i qadın cinsi, 7-si kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə olunublar. Onlara zəruri tibbi xidmətlər göstərilib. 9 nəfər ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda 6 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir”.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyinin (AQTA) Mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır:
“Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.