Xəzər dənizi ilə bağlı bir sıra müddəalar razılaşdırıldı

19-20 fevral 2019-cu il tarixlərində Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun (YSİQ) birinci iclası keçirilib.

Xarici İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, danışıqlarda Azərbaycan Respublikasının (rəhbəri – X.A.Xələfov), İran İslam Respublikasının (rəhbəri – R. Nəzər Ahari), Qazaxıstan Respublikasının (rəhbəri – Z.Amanjolova), Rusiya Federasiyasının (rəhbəri – I.B.Bratçikov) və Türkmənistanın (rəhbəri – M.G.Atacanov) nümayəndə heyətləri iştirak ediblər.

Tərəflər Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupu üçün Prosedur qaydalarını qəbul ediblər.

Tərflər Beşinci Xəzər sammitinin nəticələrinə dair əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzrə fikir mübadiləsini aparıb, Xəzər dənizində əməkdaşlığın müxtəlif aspektlərini nəzərdən keçirib, eləcə də imzalanmış sazişlər üzrə dövlətdaxili proseduraların yerinə yetirilməsi, o cümlədən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın ratifikasiya prosesi barədə məlumat verib.

Xəzər dənizində düz çıxış xətlərinin müəyyən edilməsinin metodikası üzrə Saziş layihəsinin müddəaları müzakirə olunub. Layihənin bir sıra müddəaları razılaşdırılıb. Bu sənədin müzakirəsi davam etdiriləcəkdir.

Nümayəndə heyətləri danışıqların nəticələrini müsbət qiymətləndirib və ilk görüşün yüksək səviyyədə təşkil edilməsi üçün Azərbaycan Respublikasına dərin minnətdarlıqlarını bildiriblər.

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun növbəti iclası 2019-cu ilin aprelində Qazaxıstan Respublikasında keçiriləcəkdir.

COP29