Xəzər dənizində aşkarlanan suiti cəsədlərindən nümunələr götürüldü – FOTO

Xəzər dənizinin Azərbaycan bölməsində aşkarlanan suiti cəsədlərinin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən cəsədlərdən nümunələr götürülüb. Analizlərin nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

Yenicag.az xəbər verir ki, xidmət rəisi Firuddin Əliyev bildirib ki, mütəxəssislər tərəfindən suiti cəsədlərinin üzərində aparılan vizual müşahidələr zamanı zədə izlərinə rast gəlinməyib.

Xatırladaq ki, bir neçə gün öncə Xəzər dənizinin Dağıstan sahillərində suitilərin kütləvi ölüm halı aşkarlanmışdı. Xəzərin Azərbaycan bölməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı Xaçmazın İstisu qəsəbəsi, Tikanlıoba, Seyidli və Nabran kəndlərinin dəniz sahillərində də suiti cəsədləri aşkar olunub.