Bu gün Bakıda 25-ci Xəzər Neft və Qaz sərgi və konfransının və 8-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.
Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, tədbirdə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov, “İteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov, Xəzər Neft və Qaz sərgisinin meneceri Tofiq Kərimov, Xəzər Neft və Qaz konfransının meneceri Aynurə Nəzərli iştirak edib.
Fərid Məmmədov qeyd edib ki, illər ərzində sərgiyə maraq artmaqdadır.
Bu il də sərgidə 38 ölkədən 318 şirkət iştirak edəcək.
Şirkət rəsmisi bildirib ki, 25-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ilə bağlı bir sıra layihələr həyata keçirilir:
“Yubileylə əlaqədar bir neçə planlarımız var idi. Bunları da uğurla həyata keçirdik. Əvvəlcə neftçi peşəsini seçən və bu ixtisasla ali məktəbə qəbul olanları mükafatlandırırıq. İki gənc tələbəmiz var. Onların hər ikisi ali məktəbə 700 balla qəbul olublar. Bunlar Əsgərzadə Abdulla və Əsadzadə Mahirədir. Təşkilat komitəsi tərəfindən onları mükafatlandıracağıq. Xüsusi poçt markası da buraxacağıq. Bu sərgilərə həsr olunmuş ilk marka olacaq. Sponsorlar və daimi iştirakçıları da mükafatlandırmağı nəzərdə tutmuşuq.
Belə ki, onlara limitlə buraxılan “Caspian Gold” ətri təqdim olunacaq. Sonda isə bizə göstərilən dəstəyə görə Energetika Nazirliyinə öz təşəkkürümü bildirmək istəyirəm”.
İbrahim Əhmədov isə qeyd edib ki, sərginin 25 ildir ki keçirilməsi və bu müddət ərzində SOCAR-la davamlı əməkdaşlıq özü-özlüyündə uğur göstəricisidir:
“25 il ərzində həm sərgi, həm də SOCAR mühüm inkişaf yolu keçib. 25 il öncə SOCAR kiçik, lokal şirkət kimi meydana gəlmişdi. Azərbaycanın neft sənayesinin tarixi qədimdir. Biz özümüzü bu tarixin varisi sayırıq. O tarixin bir parçası olan SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə də bu gün bizimlədir. İlk öncə xarici tərəfdaşlarla saziş imzalayan bir tərəfdaş kimi fəaliyyətə başlamışıq. O dövrdə başlıca məqsəd xarici investorları cəlb etmək idi. Ümumilli Lider bu məqsədə nail oldu, ilk maliyyə vəsaitini cəlb edə bildik. Bu işdə “Əsrin müqaviləsi” təməl oldu.”