Xəzərdə neft-qaz boru kəmərlərini yoxlayan aparatda nasazlıq yarandı – FOTOLAR

Mayın 21-də BP şirkəti ilə bağlanılmış müqavilə əsasında Xəzər dənizinin Azərbaycana mənsub sektorunda yerləşən neft-qaz boru kəmərlərinin sualtı yoxlanılmasını həyata keçirən “Olimp Engeneering” şirkətinin “Xocean-2” aparatında nasazlıq yaranıb və idarəetməni itirməsi səbəbindən aparat küləyin təsiri ilə açıq dənizə doğru səmtlənib.

Bu barədə Yenicag.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

“Olimp Engeneering” şirkətinin rəhbərliyi aparatın axtarışında köməklik göstərilməsi məqsədilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə müraciət edib.

Dövlət sərhədinin mühafizəsində olan 304-cü sərhəd gözətçi gəmisi “Xocean-2” aparatının axtarış tədbirlərinə cəlb edilmiş və 2 saat axtarışdan sonra Neft Daşlarından 15 km cənub-qərbdə aparat aşkarlanaraq dalğalı hava şəraitində yedəyə alınıb və təhlükəsiz yerə gətirilib.