Xəzərdə partlayış MÜƏMMASI: “Sonra da deyirlər, vətəndaş niyə rəsmi açıqlamalara güvənmir” – Arif Əliyev

“Bu, dövlət orqanlarının informasiya işini qurmasında nə qədər ciddi problemlər olduğunu ortaya qoyur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında dünən axşam saatlarında Xəzər dənizində baş vermiş partlayışla bağlı dövlət orqanlarının bir-birinə zidd açıqlamalar verməsinə münasibət bildirən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev səsləndirib.

Arif Əliyev baş verən hadisənin rəsmi qurumların informasiya sahəsində nə qədər geri qaldıqlarının sübutu olduğunu bildirib:

“Eyni hadisə ilə bağlı fərqli dövlət qurumlarından müxtəlif açıqlamaların verilməsi şəraitində vətəndaşların rəsmi açıqlamalara güvənmələri mümkün deyil. Bu, çoxlu suallar doğuran situasiyadır. Hadisə ilə bağlı heç nə bilməyəndə “bilmirik, araşdırırıq” tipli şeylər də söyləmirlər. Qətiyyətlə bir fikir irəli sürürlər, sonra da belə problemlər ortaya çıxır. Bu, xırda bir test idi və bu test bütövlükdə dövlət orqanlarının informasiya işini qurmasında nə qədər ciddi problemlər olduğunu ortaya qoyur. Hələ təsəvvür edin, əgər hansısa mürəkkəb hadisə olsa, görün nələr baş verər”.

Aqil Bəkir