Xəzərdəki neftçi ölümlərinin qarşısını almaq olardı? – Xarici şirkət “hə”, bizimkilər isə …

25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində diqqətimizi çəkən stendlərdən biri də “Survitec” şirkətinə məxsus oldu. Böyük Britaniyaya məxsus bu şirkət xüsusən dənizdə çalışan işçilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə məhsullar hazırlayır.

Məsələn, şirkətin dənizdə çalışanlar üçün nəzərdə hazırladığı xüsusi geyimi yanğın zamanı işçini alovdan, suya düşdüyü an isə donmadan və batmadan xilas edir.

Belə olan halda isə ilk növbədə son zamanlar Xəzər dənizində baş verən faciələr yada düşür. Görəsən, Dövlət Neft Şirkətinin rəhbərliyi işçiləri xüsusi qoruyan geyimlərlə təmin etsəydi, istər “Neft Daşları”nda, istərsə də “Günəşli” yatağında baş verən qəzalar zamanı insan təlafatı minimuma endirmək mümkün olardmı? Ümumiyyətlə, görəsən, SOCAR sözügedən məhsullara maraq göstəribmi?

Yenicag.az xəbər verir ki, OilGas.az-a açıqlama verən “Survitec”in satış meneceri Kevin Reyd məsələyə belə münasibət bildirib:

“Biz qlobal şirkətik. 25 ildir ki, Azərbaycanda fəaliyyət göstəririk. Məhsullarımızın çeşidləri çoxdur. Bunlara suyun içində xilasedici çadırlar, platformadan xilasolunma botlarıdır, jiletlər və s. daxildir. Məhsullarımıza maraq böyükdür. Jiletlər isə 10 ilə yaxındır ki, Böyük Britaniyada Şimal dənizində, Hollandiyada istifadə olunur. Azərbaycanda BP və “Total” kimi şirkətlər məhsullarımızdan istifdə edir. Bu şirkətlərin siyahısına “Silkway” də daxildir. Məlum qəzalardan öncə də SOCAR-a müraciət etmişdik. Lakin müsbət nəticə əldə etmədik. Sadəcə, məsələ danışıq səviyyəsindəcə qaldı. Bəhs etdiyiniz qəzalardan sonra da müraciət etsək də, bu rəsmi səviyyəyə çatmayıb”.

Məsələ ilə əlaqədar Dövlət Neft Şirkətinin də mövqeyini öyrənməyə çalışdıq. Sorğumuza cavab olaraq bildirildi ki, SOCAR hazırda qeyd edilən şirkət tərəfindən təchiz olunmasa da, əməkdaşları, ölkə qanunvericiliyinin tələblərinə və şirkətin daxili standartlarına uyğun olaraq, müxtəlif şirkətlərin istehsal etdiyi xüsusi geyim və xilasedici vasitələrlə, qayıqlarla təchiz olunublar:
“Xüsusi geyimlər əməyin mühafizəsinin mühüm vasitələrindən biri olsa da, təhlükəsizliyin təmin edilməsi üçün özü-özlüyündə yetərli deyil. Müasir texnologiyanın yaratdığı daha təhlükəsiz iş şəraitinə baxmayaraq, hətta ən mütərəqqi texnologiyalar bu günə qədər dünyanın müxtəlif neft ölkələrində baş verən bədbəxt hadisələrin tam qarşısını almağa acizdir. Əməyin mühafizəsi SOCAR üçün prioritet olduğuna görə, şirkətimiz son illərdə bu sahədə kompleks tədbirlərin icrasına başlayıb: Əməkdaşlarınız üçün dənizdə insan həyatının mühafizəsi və ümumi əməyin mühafizəsi üzrə mütəmadi təlimlər keçirilir, qəzalı vəziyyətə düşən dəniz estakadaları istismardan çıxarılır və neftyığım meydançalarından kəsilərək ayrılır, özül və estakadalarda genişmiqyaslı təmir işləri aparılır, Xəzərdə şiddətli hava şəraiti proqnozlaşdırılanda, zəruri növbətçilər istisna olmaqla, həmkarlarımızın əsas hissəsi quruya təxliyyə olunur. Əməyin mühafizəsi sahəsində ən son texnologiyaların tətbiqi ilə bağlı daim araşdırmalar aparılır. Yalnız kompleks şəkildə görülən tədbirlər, əməyin mühafizəsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərə bilər”.

Məsələ ilə bağlı Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı ilə əlaqə saxladıq. Mirvari xanım OilGas.az-a açıqlamasında bildirdi ki, 5-6 il öncə də SOCAR-ın dənizdə işləyən çalışanlarının geyimləri yuxarı səviyyədə olmayıb. O, bu problemin həllinə də inanmadığını bildirdi:

“SOCAR nə alıb-verirsə, həmin şirkət özlərinə məxsusdur. 5-6 il bundan öncə işçilərin xüsusi geyimlərlə təchizi çox pis vəziyyətdə idi. İşçilərin xilasedici jiletləri də keyfiyyəsiz idi. 2015-ci il, dekabrın 4-də baş verən hadisə zamanı xilasedici qayıqların da keyfiyyətinə şübhələnməyə əsas verdi. Yəni, SOCAR işçinin sağlamlıq haqqında düşünmür. Məsələn, Norveçdə Stavengerdə “Statoil”in platformalarında işçilərlə görüşmüşəm. Onlar üçün əsas amil insan faktorudur. Bizdə bir neçə ardıcıl qəzalar baş verməsinə baxmayaraq, qəzalardan sonra nə iş yerinin sağlamlığı, nə də işçilərin geyimlərinin keyfiyyətində dəyişiklik olub. Bizdəki geyimlərin özü də keyfiyyətsizdir. Çox təəssüflər olsun ki, BP-dən fərqli olaraq, milli şirkətimizdə insan faktoru ən axırıncı yerdə durur. Bunun da səbəbi odur ki, alqı-satqı yalnız SOCAR-ın məmurlarına məxsus şirkətlərə məxsusdur. Onlar da xeyiri başqasına vermək istəmirlər. BP isə bu barədə düşünmür. Öz öhdəliyini yerinə yetirir. Düzü, SOCAR bu məhsullardan istifadə etməyəcək. Çünki belə məhsulları satan şirkət SOCAR məmurlarına məxsus deyil”.

COP29