!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzərin neftçiyə qalib gəldiyi gün... - Faciədən 2 il ötür

!Reklam – Yazi

2015-ci il dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 nömrəli, “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəzadan 2 il ötür.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, həmin gün güclü tufan nəticəsində dalğalar “Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə estakada döşəməsini üstündəki yaşayış budkası ilə birlikdə uçurub dənizə atıb.

Hadisə baş verərkən budkada olan buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları – 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov itkin düşüb.

Güclü küləyin neftçilərlə amansız mübarizəsi bununla da yekunlaşmayıb. Həmin gün nəhəng dalğalar Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəmərini zədələyib və şiddətli yanğın baş verib.

Təlimata və təxliyyə planına uyğun olaraq, yanğın və baş verə biləcək partlayışdan xilas olmaq məqsədi ilə işçilər özüldəki iki xilasedici qayığa minib və qayıqları aşağı buraxıblar. Qayıqlar dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək saxlanılıb. Qəza baş verəndən 15-25 dəqiqə sonra Fövqəladə Hallar Nazirliyinin xilasedici gəmiləri yanğınsöndürmə və xilasetmə işlərinə cəlb olunub. Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10 metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala bilməyib. Bu isə xilasedici qayıqların suya endirilməsini və gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz edib. Eləcə də alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini çətinləşdirib.

Güclü küləyin təsiri və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan birinin qarmağı açılıb və qayıq, içindəki adamlarla birlikdə dənizə düşüb. Yaxındakı gəmilər vasitəsi ilə işçilərdən 3 nəfər və 1 cəsədin dənizdən çıxarılması mümkün olub. Qaranlıq və qasırğalı hava şəraitində ikinci xilasetmə qayığındakı işçilərin təxliyə edilməsi böyük risk və təhlükə yaratdığı üçün təxliyyə işlərinin hava işıqlandıqdan sonra davam etdirilməsi qərara alınıb.

Dekabrın 5-də ağır hava şəraitinin hələ də davam etməsinə baxmayaraq, ikinci xilasetmə qayığındakı işçilərin təxliyə edilməsi əməliyyatı həyata keçirilib. Fövqəladə Hallar Nazirliyinə məxsus helikopterlər xilasedicilərlə birgə hadisə yerinə cəlb olunub. Lakin yüksək temperaturdan helikopterlər özüldə eniş edə bilməyib, 3 və 5 saylı qonşu özüllərə enib. Bir qədər sonra FHN-in həmin xilasedicilərinin bir qrupu “AZAL” QSC-yə məxsus helikopterlə, digər qrupu isə “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “Müslüm Maqomayev” gəmisi ilə özülə çıxıb, qayıqdan 26 nəfər, özüldən 3 nəfəri təxliyə edərək həmin gəmiyə götürüblər. Beləliklə, cəmi 33 nəfər təxliyə edilib, 1 nəfərin isə cəsədi sudan çıxarılıb.

Hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezident İlham Əliyevin qərarı ilə dekabrın 6-sı Azərbaycanda matəm günü elan olunub.

Dekabrın 6-da itkin düşmüş iki nəfərin, 7-də isə daha 6 nəfərin cəsədi sudan çıxarılıb.

www.yenicag.az

1471
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv