!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"XI Qızıl Ordu"nun daha bir "əsgər"inin dili açıldı (?): Arif Rəhimzadə müəmması

!Reklam – Yazi

Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə KM.ru rus xəbər portalına qalmaqallı müsahibə verib. Bildirib ki, azərbaycanlılara “türk” deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır.

“Bizim bədbəxtçiliyimiz ondadır ki, Rusiya bizi türk hesab edib, amma azərbaycanlılar türk deyillər. Bu, səhvdir. Bəli, biz azərbaycanlıyıq, türklərlə eyni kökə malikik, amma başqa-başqa xalqlarıq. Çar Rusiyası ermənilərin bizim regiona köçürülməsini “Türkiyə təsirini” aradan qaldırmaq üçün həyata keçirib. Beləcə, çar hakimiyyəti ermənilərə dəstək olub”.

Deputatın bu fikirləri cəmiyyətdə kəskin etirazla qarşılanıb.

Yeniçağ.az-a açıqlamasında ictimai xadim Zəlimxan Məmmədli A. Rəhimzadəni yeni bir “Qızıl Ordu”nun Azərbaycana gətirilməsində maraqlı olmaqda ittiham etdi:

“ Milli dövlətçilik fəlsəfəsindən uzaq düşüncəyə malik insanlardan bu cür anormallığı gözləmək mümkündür. Günün günorta çağı parlament üzvləri Azərbaycan insanını ələ salır. Başqa bir cərəyan Azərbaycan türklərinin etnik mənşəyi və yaxud tarixi yaddaşını silmək istiqamətində fəaliyyət göstərir. Bu fonda fəaliyyət göstərənlər arasında Zərdüşt və Araz Əlizadə qardaşlarını gördük. Arif rəhimzadələr də eyni tiplərdir. Onun milli kimliyi mənə qaranlıqdır. Amma hər halda Azərbaycan türkünün heysiyyatına toxunmaq, türkçülüyümüzü şübhə altına almaq bu millətə, dövlət quruluşumuza həqarətli yanaşma, milli dövlət quruculuğuna hörmətsizlik nümunəsidir.

Bu hal onların kimlərinsə əlaltıları olmasının işarəsidir. Təəssüf ki, Azərbaycanda “5-ci kolon”dan da betər dövlətçiliyimizi təhdid edən, üçrəngli bayrağımızı endirmək istiqamətində fəaliyyət göstərən elementlər də var. Belələri Parlamentdə, hökumətdə də təmsil olunublar. Bu adamlar Azərbaycan bayrağına Müsavat bayrağı kimi baxırlar. Əliheydər Qarayevin düşüncələriylə Azərbaycanda rəsmi qulluqdadırlar. Arif Rəhimzadə kimiləri qorxulu adamlardır. Bu cür düşüncə sahibləri sabah bayrağın endirilməsi, yeni “Qızıl Ordu”nun Azərbaycana gəlməsi çağırışlarını da edə bilərlər”.

Milli Məclisin deputatı Fərəc Quliyev də bildirdi ki, sözügedən fikri gündəmə gətirənlər bununla ermənilərdən də pis davranırlar:

“Kim türk deyilsə, birdəfəlik bunu etiraf etsin və öz adından danışsın, xalqın adından yox. Mən türkəm və bununla da fəxr edirəm. Adam tat, ləzgi, talış, kürd ola bilər. Azərbaycanda bütün xalqlar bərabər əsasda yaşayırlar. Azərbaycan xalqı tolerantdır, bütün din və xalqlara hörmətlə yanaşırıq. Heç kimin ixtiyarı yoxdur ki, xalqın adından danışsın. Xalqımızın başqa millətə aid olduğunu deyib, adını dəyişmək istəyən həmin personajlar başa düşsünlər ki, bununla ermənilərdən də pis davranırlar. Düşmən ermənilər belə bizi öz adımızla, türk olaraq çağırırlar. Bu məsələnin müzakirə olunma zamanı çatıb. Konstitusiyada Azərbaycan dili sözünün Azərbaycan türkcəsi sözü ilə əvəz olunması zamanı çatıb. Çünki ölkəmizdə başlıca etnos Azərbaycan türkləridir. Azərbaycan isə yer adıdır. Azərbaycan türklərinin adından başqa etnoslara mənsub insanlar (hərçənd bütün etnoslara hörmət edirəm), “biz türk deyilik deməsinlər, desinlər mən türk deyiləm”.

Arif Rəhimzadənin sözügedən müsahibəsinə DAK icra aparatının rəhbəri, BDM sədrinin birinci müavini Samir Adıgözəlli də münasibət bildirib. O, son dövrlər türklüyə qarşı milli dəyərlərimizə, milli mənəviyyatımıza toxunan bir sıra həqarətlərin olduğunu bildirərək, sanki Azərbaycanda bir anti-türk təbliğatının baş qaldırıldığını söyləyib. Bu şər kompaniyasında iştirak edənlərin özlərini türk hesab etməmələri bizi narahat etmir. Əksinə, türk olmaq şərəfdir. Bu şərəfi Allah onlara qismət etməyibsə, biz nə edək? Heç kimə, o cümlədən Arif Rəhimzadəyə ixtiyar verilməyib ki, milli kimliyimizi şübhə altına alıb, sərsəm açıqlamalar versin. Arif Rəhimzadə antropoloji baxımdan onsuz da türkə oxşamır. Digər bir tərəfdən isə O və onun kimi Azərbaycanda bir çoxları kommunist ideoloji nomenklaturasının tör-töküntüləridir. 1937-ci il kommunist-bolşevik antitürk təbliğat maşınının izlərinin tam itməsi üçün daha bir müddət zamana ehtiyacımız var.

Son olaraq, qeyd edək ki, Arif Rəhimzadə sözügedən məsələ ilə bağlı Moderator.az saytına açıqlamasında fikirlərinin təhrif olunduğunu söyləyib:

“Biz türk deyilik” ifadəsinin yayılması boş söhbətlərdir. Tədbirin sonunda bir nəfər mənə yaxınlaşıb sual verdi. Mən də dedim ki, “biz etnik cəhətdən türkük, amma millət kimi azərbaycanlıyıq”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

1501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv