Xiaomi yeni interfeysi MİUİ 11 ilə istifadəçilərini razı sala bilmişdi. Bu səfər şirkət çox keçmədən MİUİ 11.1 üzərində işləməyə başlayıb.
Yenicag.az xəbər verir ki, bu versiya ilə telefonlara bir çox yeniliklər gələcək. Lakin ən əsası daha stabil və performans vəd etməsidir.
Yeni versiya ilə istifadəçilərə təqdim ediləcək ən yaxşı 5 funksiyanı sizin üçün seçdik.
1. Ultra Enerji qənaət rejimi
Yeni enerji qənaet rejimi ilə Xiaomi günlük sadəcə 5% batareya xərclənəcəyini iddia edir. Telefonlar qaranlıq rejimə avtomatik keçərək həm prosessorunun gücünü azaldaraq, həm də qaranlıq rejimin verdiyi üstünlük ilə daha çox batareya saxlayacaq.
2. Rəngli musiqi bildirişləri
Xiaomi-nin öz musiqi tətbiqinin bildirişləri standart rənglərə malik idi. Lakin MİUİ 11.1 ilə artıq daha rəngli bildirişlər istifadəçiləri qarşılayacaq. Xiaomi tərtibatçıları bu funksiyanı Android 8.0-dən bu yana sistemə inteqrasiya etmələrinə baxmayaraq aktivləşdirməmişdilər. Yeni versiya ilə bu yenilik istifadəçilərə təqdim olunacaq.
3. Fokus rejimi (Focus Mode)
Bu funksiya aktivləşdikdə telefon 20-90 dəqiqəlik bir kilid moduna düşür. Bu mod aktivləşəndə istifadəçilər telefonda sadəcə zənglərə və kameraya baxa biləcəklər. Digər bütün funksiya və tətbiqləri istifadə etmək mümkün olmayacaq.
4. Təkmilləşdirilmiş ekran rənglərini idarə funksiyası
Yeni funksiya ilə artıq istifadəçilərin telefonların ekranında istifadə olunan rəngləri daha ətraflı dəyişə biləcəklər. İstədiyinizdə daha tünd rənglər və ya daha açıq rənglərdən istifadə etmək mümkün olacaq. Həmçinin qamma, kəskinlik kimi ayarları da dəyişə biləcəksiniz.
5. İnterfeys təkmilləşdirmələri və Kamera yenilikləri
Yeni interfeyslə birliktə Təhlükəsizlik (Security) tətbiqinə qaranlıq rejimi gəlir. Həmçinin proqramlara qoyulan kilid ekranında, ana ekranda da bəzi dəyişikliklər olacaq. Kamera proqramının Pro moduna da bəzi yeniliklər gələcək.
Qeyd edək ki, ekranın açılma/bağlanma animasiyaları da dəyişəcək. Health (Sağlamlıq) tətbiqi daha çox bölgəni dəstəkləyəcək. İnterfeysin cihazlara nə vaxt göndəriləcəyi hələki məlum deyil./Technote/