Böyük Britaniya, Fransa və Almaniya Xarici İşlər nazirləri İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı haqda birgə bəyanat yayıblar.
Yenicag.az-ın xəbərinə görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi saytında bildirilib.
“Bu gün İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öz öhdəliklərini yerinə yetirmədiyi ilə əlaqədar narahatlığımızı ifadə edirik və bu məsələni 36-cı bənddə göstərildiyi kimi, Mübahisələrin Həlli Mexanizmi çərçivəsində Birgə Komissiyaya göndəririk”, – deyə bəyanatda qeyd olunub.
Hərtərəfli Birgə Fəaliyyət Planına əsasən, digər tərəflərə – Rusiya, Çinə və İrana bu barədə məlumat veriləcək. Fikir ayrılıqlarını həll etmək üçün İrana 15 gün vaxt verilir ki, bu müddət konsensus yolu ilə uzadıla da bilər.
Qeyd edək ki, bu proses BMT-nin əvvəlki qətnamələrində əks olunan sanksiyaların yenidən tətbiq olunmasına gətirib çıxara bilər./APA/