XİN-dən Şengen vizası ilə bağlı şikayətlərə – Reaksiya

Azərbaycan vətəndaşlarının xüsusilə Şengen ölkələrinə səfər üçün viza müraciətlərində üzləşdikləri çətinliklərdən xəbərdarıq.

Yenicag.az xəbər verir ki, bu sözləri XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Report-a müsahibəsində deyib.

O bildirib ki, 2013-cü il noyabrın 29-da imzalanmış “Azərbaycan Respublikası və Avropa Birliyi arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Saziş əsasında təsis edilmiş Avropa Birliyi-Azərbaycan arasında Birgə Viza Sadələşdirilməsi Komitəsi, o cümlədən Avropa Birliyinə üzv dövlətlər ilə keçirilən ikitərəfli görüşlər və Konsulluq məsləhətləşmələri çərçivəsində qeyd olunan problemlər dəfələrlə tərəfimizdən gündəmə gətirilib:

“Xüsusilə nəzərinizə çatdırmaq istərdik ki, qeyd etdiyimiz sazişin 7-ci maddəsinin 1-ci bəndinə əsasən, Sazişə tərəf olan ölkələrin diplomatik missiyaları və konsulluq bölmələri vizanın rəsmiləşdirilməsi üçün ərizənin və tələb olunan sənədlərin qəbulu tarixindən 10 təqvim günü ərzində vizanın rəsmiləşdirilməsi müraciəti ilə əlaqədar qərar qəbul etməlidir. Həmin maddənin 3-cü bəndinə əsasən isə ərizəçilərdən ərizənin təqdim edilməsi üçün görüş təyin edilməsi tələb olunduğu təqdirdə, görüş bir qayda olaraq görüş üçün edilmiş müraciət tarixindən etibarən iki həftə ərzində baş tutmalıdır. Bu məsələlər daim Xarici İşlər Nazirliyinin diqqətində saxlanılır”.

COP29