XİN: Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 93-ə çatdı

7 noyabr 2020-ci il tarixində Azərbaycanın cəbhə zonasından kənarda yerləşən Bərdə rayonunun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv şəkildə raket və ağır artilleriya atəşinə tutulub.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Yenicag.az-a verilən məlumata görə, mövcud humanitar atəşkəsi kobud şəkildə pozan Ermənistan Azərbaycanlı dinc əhalini hədəfə almaqla, beynəlxalq humanitar hüququ və öz öhdəliklərini heçə sayaraq cinayət əməllərini davam etdirir:

“Bu gün Bərdə rayonunun Yeni Əyricə kəndində fərdi yaşayış evinə mərmi düşməsi nəticəsində 1 mülki şəxs, 16 yaşlı yeniyetmə həlak olub, beləliklə də 27 sentyabr tarixindən etibarən Ermənistanın Azərbaycana qarşı başlatdığı yeni təcavüzü nəticəsində həlak olan Azərbaycanlı mülki şəxslərin sayı 93-ə çatıb.

Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq və beynəlxalq vasitəçilərin davamlı səylərinə hörmətsizlik nümayiş etdirərək təcavüz siyasətini davam etdirməsini və dinc insanları atəşə tutmasını şiddətlə qınayırıq. Ermənistandan beynəlxalq ictimaiyyətin, o cümlədən BMT TŞ-nin qətnamələrinin tələblərinə uyğun olaraq, silahlı qüvvələrinin Azərbaycanın hələ də işğal altında olan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarmasınl tələb edirik. Bölgədə dayanıqlı sülh təmin olunması üçün vacib şərt işğal faktının aradan qaldırılması və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasından ibarətdir”.