2020-ci ilin 18 fevral tarixində Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsselə işçi səfəri çərçivəsində Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə görüşüb.
XİN-dən Yenicag.az-a verilən məlumata görə, qarşılıqlı faydalı tərəfdaşlıq mühitində keçən görüş zamanı tərəflər Aİ-Azərbaycan arasında mövcud olan səmərəli əməkdaşlıq əlaqələri, habelə ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş layihəsi üzrə davam etdirilən danışıqların gedişatını müzakirə etdilər. Bu xüsusda, ticarət sahəsində danışıqların cari vəziyyəti və Aİ-nin ticarət üzrə Komissarı ilə keçirilmiş görüşə toxunuldu.
Komissar O. Varheyli Aİ ilə Azərbaycan Respublikası arasında yeni saziş layihəsi üzrə danışıqların intensivləşdirilməsinin əhəmiyyətini qeyd etdi və sənədin 2020-ci ilin iyun ayında keçirilməsi planlaşdırılan Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə toplantısına qədər razılaşdırılaraq, tədbir zamanı paraflanması təklifini irəli sürdü.
Görüş zamanı Azərbaycanla Avropa arasında enerji sahəsində strateji tərəfdaşlıq münasibətləri və Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün həyata keçirdiyi layihələr, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsi və onun gələcəkdə yeni layihələrlə genişləndirilməsi perspektivləri kimi mövzularda fikir mübadiləsi aparıldı.
Qarşılıqlı maraq doğuran məsələlər üzrə daha da geniş müzakirələrin aparılması, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanların müəyyən edilməsi məqsədilə nazir Elmar Məmmədyarov komissar Oliver Varheylini Azərbaycan Respublikasına dəvət etdi. Öz növbəsində, Aİ-nin Qonşuluq və Genişlənmə üzrə komissarı təklifi məmnuniyyətlə qəbul etdiyini bəyan etdi.