XİN rəhbəri: “Sülh müqaviləsi ilə bağlı proses 2025-ci ildə də davam edəcək”.

“2024-cü ildə bir sıra Avropa paytaxtları Ermənistana birtərəfli dəstək verib. Yadınızdadırsa, ötən ilin aprel ayında ABŞ dövlət katibi, Avropa İttifaqı Komissiyasının prezidenti və Ermənistan Baş naziri arasında bir görüş keçirilib. Bu görüşün izahı çətin idi”.

Yenicag.az xəbər verir ki, bunu bu gün 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edərkən jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan normallaşma prosesində vasitəçi olmağa çalışan tərəflərin bu qərəzli yanaşmaları təbii ki, qəbuledilməzdir:

“2023-cü ildə Azərbaycan öz suverenliyini tam bərpa etdikdən sonra Azadlığa Dəstək Aktına 907 saylı düzəlişin qüvvədən düşməsi, müəyyən cəzalandırma niyyətləri və qərəzli addımlar atıldı. Bu gün isə Amerika Birləşmiş Ştatlarında yeni prezidentin inauqurasiyası mərhələsi keçirilir və növbəti dörd il ərzində respublikaçılar hakimiyyətdə olacaq. Bu, Azərbaycanla Amerika arasında yanaşma fərqlərini göstərəcək”.

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı proses 2025-ci ildə davam edəcək. Sazişin 17 maddəsindən 15-i razılaşdırılıb, lakin hələ də iki maddə üzərində danışıqlar davam edir. Lakin Azərbaycan ictimaiyyəti bilir ki, Ermənistanın Konstitusiyasında hələ də ərazi iddiaları mövcuddur və real addımlar gözlənilir. Azərbaycan həmçinin Zəngəzur dəhlizinin yaradılması və digər regional kommunikasiyaların inkişafı istiqamətində işlər aparır. Ermənistan sərhədinə yaxın yeni dəmir yolu çəkilir, Araz çayı üzərində İranla körpü tikintisi davam edir. Azərbaycanın Naxçıvanla əlaqələrini təmin etmək məqsədilə müxtəlif layihələr həyata keçirilir”, – deyə o, bildirib.

Nəsimi Ələsgərli