XİN rəhbərindən Qərbin neoimperialist dairələrinə MESAJ – Azərbaycan və Türkiyə vahid mövqedən çıxış edir
“XİN rəhbərinin açıqlaması, eyni zamanda, həm Azərbaycan, həm də Türkiyə daxilini qarışdıraraq, xaos yaratmaq, müttəfiqliyinə zərbə vurmaq istəyən Qərbin neoimperialist dairələrinə mesajdır”.
Bunu Yenicag.az-a açıqlamasında Türkiyə XİN rəhbəri Hakan Fidanın “Azərbaycanla tək dövlət kimi birgə hərəkət edirik” mesajını şərh edən politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasındakı münasibətlər əzəli qardaşlığa dayanaraq bu gün strateji müttəfiqlik səviyyəsindədir.
“Hakan Fidan 3+3 formatının İstanbulda keçirilən görüşlərində Azərbaycanla Türkiyə arasındakı qardaşlıq əlaqələrinin ruhundan çıxış etdi. Ölkəmizin dəyəri və mahiyyətini növbəti dəfə beynəlxalq birlik nümayəndələrinə açıqladı. Bu gün Azərbaycanla Türkiyə arasında həqiqətən də başqa heç bir ölkələr arasında olmayan dərin bağ və qardaşlıq əlaqələri mövcuddur”, – deyə o qeyd edib.
Politoloq əlavə edib ki, bu da iki qardaş ölkənin bir çox beynəlxalq məsələlərdə vahid mövqedən çıxış etməsinə zərurət yaradır.
“Düzdür, bəzi coğrafiyalarda baş verən müəyyən hadisələrə yanaşmada Azərbaycan və Türkiyənin mövqelərində bəlli fərqlər ola bilər. Ancaq konseptual məsələlərdə Ankara və Bakı həmişə bir-birinin yanındadır.
XİN rəhbərinin açıqlaması eyni zamanda həm Azərbaycan, həm də Türkiyə daxilini qarışdıraraq xaos yaratmaq, müttəfiqliyinə zərbə vurmaq istəyən Qərbin neoimperialist dairələrinə mesajdır. İstənilən halda, Hakan Fidanın açıqlaması bir daha Azərbaycan-Türkiyə strateji müttəfilqiyinin əbədi və daimi olacağı ilə bağlı verilən mesaj kimi də qiymətləndirilə bilər”, – deyə o bildirib.
Nəsimi Ələsgərli