Reklam

Reklam

“Ermənistanın yeni baş naziri ilk addım kimi Ermənistan əhalisinin çoxdan ehtiyac duyduğu iqtisadi-sosial islahatlara başlamaq əvəzinə, Dağlıq Qarabağ mövzusuna müraciət edərək, siyasi təşviqata üstünlük verir. Təəssüf edirik ki, bu məqsədlə o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında ziddiyyətli açıqlamalarla çıxış edir”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, Ermənistan BMT nizamnaməsinə zidd olaraq gücdən istifadə etməklə Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf rayonlarını işğal edib və işğal olunmuş ərazilərdə bir milyondan artıq azərbaycanlıya qarşı qanlı etnik təmizləmə törədib.

“Xatırlatmaq istərdik ki, ATƏT-in mart 1992-ci il Helsinki Nazirlər Şurasının qərarı ilə Minsk Qrupu yaradılıb, münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan, münaqişədə maraqlı tərəflər kimi Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları tanınıb.

Münaqişənin siyasi həllinin prinsipial əsasını BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri təşkil edir. BMT TŞ-nın qətnamələrində Azərbaycana qarşı gücdən istifadə olunması və Azərbaycan ərazilərinin işğalı pislənilir və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur. Bu qətnamələrdə BMT TŞ bir daha təsbit edir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Həmçinin, qətnamələrdə BMT TŞ tərəfindən işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb olunur.

Azərbaycan əleyhinə hərbi təcavüzün birbaşa məsuliyyətini gizlətmək üçün Ermənistan, xalqların öz müqəddəratını təyin etmək kimi hüququ prinsipindən sui-istifadə edir və onu təhrif edir. Ermənistan bu prinsipin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilərin birtərəfli qaydada Azərbaycandan ayrılmasına tətbiq oluna biləcəyini iddia edir.

Əslində, bunun Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, 1975-ci ildə ATƏT-in Helsinki Yekun Aktında və digər beynəlxalq sənədlərlə nəzərdə tutulan xalqların öz müqəddəratını təyin etmək hüququ ilə heç bir əlaqəsi yoxdur. Bundan əlavə, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı təhdid və ya gücdən istifadəni qadağan edən məcburi normalar (jus cogens) daxil olmaqla, beynəlxalq hüquq normalarının kobud pozulması ilə müşayiət olunan hallara münasibətdə öz müqəddəratını təyinetmə prinsipinin tətbiq olunması iddialarının əsası yoxdur.

Helsinki Yekun Aktının 8-ci bəndində isə öz müqqəddəratını təyin etmə prinsipinin BMT Nizamnaməsi, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə uyğun şəkildə ifadə edilməsini təsbit edib.

Həmçinin, Helsinki Yekun Aktı BMT Nizamnaməsinin 2(4) bəndini genişləndirərək ərazi bütövlüyü prinsipini xüsusi vurğulamaq üçün ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və gücdən istifadə edilməməsini ayrı prinsiplər kimi kodifikasiya edib.

Dağlıq Qarabağın sakinləri Azərbaycanın sərhədləri daxilində “daxili” öz müqəddəratını təyin etmək hüququndan istifadə edə bilərlər. Bu Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində erməni və azərbaycanlı icmalarının sülh, ləyaqət və çiçəklənmə şəraitində birgə yaşayışını nəzərdə tutur”, – deyo o əlavə edib.

XİN rəsmisinin sözlərinə görə, Azərbaycan Ermənistanın yeni siyasi rəhbərliyinin öz sələflərinin səhvlərini təkrar etməyəcəyinə hələ də ümid edir:

“Biz hələ də ümid edirik ki, Ermənistanın yeni siyasi rəhbərliyi sələflərinin səhvlərini təkrar etməyəcək, sağlam siyasət yürüdəcək və qonşu dövlətlərlə sülh şəraitində yaşamaq üçün sivil münasibətlər qurmağa çalışacaqdır. Münaqişənin həll edilməsi regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına və hərtərəfli regional əməkdaşlıq imkanlarının yaranmasına xidmət edə bilər və bundan da ilk növbədə Ermənistan əhalisi faydalana bilər. Odur ki, top Ermənistanın meydançasındadır və yenidən velosiped kəşf etməyə ehtiyac yoxdur.

Bir daha vurğulamaq istərdik ki, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə mövcud gündəlik əsasında münaqişənin tezliklə həlli üçün substantiv danışıqlara hazırdır”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 840
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."