Xırdalan Təcili Tibbi Yardım şöbəsinin əməkdaşından vətəndaşa qarşı kobudluq: “Xətti məşğul etməyin” – Şikayət
“Xırdalan Təcili Tibbi Yardımın çağırışlara laqeyd yanaşması utancvericidir”.
Redaksiyamıza daxil olan şikayətə görə, Gülşən Qurbanova adlı şəxs Xırdalan Təcili Tibbi Yardım şöbəsinin çağırışlara qarşı laqeyd davranışını və əməkdaşının xəstə yaxını ilə kobud davranışını tənqid edib.
Şikayətçinin sözlərinə görə, Xırdalan Təcili Tibbi Yardım çağırışlardan daha çox, öz rahatlığına üstünlük verir:
“Qaynanamın səhhəti pisləşdiyi üçün 21 yanvar saat 12:40-da Xırdalan Təcili Tibbi Yardıma zəng edərək çağırış verdim. Təcili yardım məntəqəsi elə qaynanamın yaşadığı ərazi ilə eynidir. Düşündüm ki, maksimum 10 dəqiqəyə təcili tibbi yardım çatar. Təəssüf ki, 1 saatdan çox vaxt keçməsinə baxmayaraq, hələ də təcili tibbi yardımdan səs çıxmadı. Bu müddət ərzində Xırdalan Təcili Tibbi Yardım şöbəsinə məxsus (012) 342-28-11 nömrəsi ilə əlaqə saxladım. Əvvəlki iki zəngimdə məntəqənin əməkdaşı çağırışın qeydə alındığını, hazırda olan çağırışdan çıxıb gələcəklərini bildirdi. Yarım saat keçməsinə baxmayaraq, hələ də təcili tibbi yardım əməkdaşları gəlmədi. Üçüncü dəfə məntəqəyə zəng edərək etirazımı bildirdim. “Xırdalan kimi böyük şəhərdə təcili tibbi yardımda işləyən başqa əməkdaşlarınız yoxdur ki, çağırışa gəlsin?” sualıma xanım kobud şəkildə “Gəlir də, gəlir. Zəng edib, xətti məşğul etməyin”,- deyə cavab verdi.
Qeyd edim ki, saat 14:09 olmasına baxmayaraq, təcili təbbi yardım hələ də gəlməyib. Bu zaman qismində zatən “ölən ölər, qalan da qalar”.
Görünür, məlum məntəqədə çalışanlar hələ də öz vəzifə öhdəliklərini dərk edə bilməyiblər. Hər şeydən əvvəl halı pisləşən xəstənin yaxını ilə necə danışmaq lazım olduğunu da, bilmirlər.
Əgər təcili tibbi yardım xidməti vətəndaşlar üçün yaradılıbsa, qeyd olunan əlaqə nömrəsini məşğul etməmək Xırdalan Təcili Tibbi Yardım şöbəsinin hansı qanununa əsasən müəyyən edilib?! Ölkə başçısı İlham Əliyevin “xalqın firavanlığı, rifahı hər şeydən üstündür” dediyi halda bu cür özbaşınalıq və kobudluq edən şəxslər cəsarəti haradan alır?! Xırdalan Təcili Tibbi Yardım şöbəsinin əməkdaşları üçün nə ölkə başçısının tapşırığı, nə də vəzifələrinin məsuliyyəti önəmli deyil.
Qeyd edim ki, Xırdalan Təcili Tibbi Yardım şöbəsi barədə bu cür şikayət ilk deyil. Səhiyyə Nazirliyindən xahiş edirəm ki, bu tibb məntəqəsinin vətəndaşlar üçün yaratdığı problem və məntəqənin məsuliyyətsiz fəaliyyəti nəzərə alınsın”.
Gülşən Şərif